CƏMİYYƏT
Azərbaycan və Türkiyə məktəbliləri Mersində 2 yaşlı Zəhranın xatirəsini ehtiramla yad ediblər
Mersin, 12 iyul, АZƏRTAC
Türkiyənin Mersin şəhərində ikinci “Qız Qalası” Beynəlxalq Turizm Festivalı keçirilib. Türkiyə ilə yanaşı, Litva, Şimali Kipr, Qırğızıstan, Gürcüstan, Rusiyanın Tatarıstan Respublikasının da qatıldığı festivalda Azərbaycanı Bakının Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup məktəbli təmsil edib.
Məlum olduğu kimi, bu il Xətai rayonu ilə Mersinin Tarsus rayonunun qardaşlaşmış şəhərlər elan edilməsinin 10-cu ilidir. Xətai rayonu nümayəndələrinin səfəri zamanı bu çərçivədə də bir sıra tədbirlər keçirilib.
Əvvəlcə Xətai Rayon İcra Hakimiyyəti və bu rayon bələdiyyəsinin rəhbər şəxsləri, eləcə də Xətai rayonu mədəniyyət mərkəzinin “Səma” rəqs ansamblı və rayon ərazisində fəaliyyət göstərən “Zəkalar litseyi”nin şagirdlərindən ibarət qrup Tarsusdakı Heydər Əliyev Parkını ziyarət edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Məktəblilər parkla tanış olublar, onlara Ulu Öndərin adını daşıyan və yerli sakinlərin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilən parkın yaranma tarixi, burada görülən əsaslı yenidənqurma işləri, hər il dahi şəxsiyyətin anadan olmasının ildönümlərində bu Parkda keçirilən tədbirlər haqqında geniş məlumat verilib.
Daha sonra Xətai rayonu ilə Tarsus arasındakı əməkdaşlıq əlaqələri çərçivəsində “Zəkalar liseyi” ilə qardaşlaşan “Kampus okulları” tədris müəssisəsində görüş keçirilib. Heydər Əliyev adına konfrans salonunda keçirilən tədbirdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artileriyalardan atəşə tutması nəticəsində həlak olan kənd sakini Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. “Kampus okulları” tədris müəssisəsində Xətai rayonunun rəhbərliyinin iştirakı ilə daha əvvəl keçirilən tədbirləri əks etdirən videolar nümayiş olunub.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüş məktəblilərin çıxışı və qarşılıqlı olaraq hədiyyələrin təqdim edilməsi ilə yekunlaşıb.
Daha sonra qonaqlar Tarsus rayon bələdiyyəsinin sədr müavini Serab Kurtçu ilə görüşüblər. Tərəflər Xətai və Tarsus rayonları arasındakı əlaqələrin uğurla inkişaf etdiyini, tədris müəssisələrinin ardından iki rayonun mədəniyyət mərkəzləri arasında da əməkdaşlıq əlaqələrinin təməlinin atıldığını qeyd etdilər. Sonra “Səma” rəqs ansamblının üzvləri öz məharətlərini nümayiş etdiriblər.
Daha sonra “Qız Qalası” 2-ci Beynəlxalq Turizm Festivalının açılış mərasimi keçirilib. Əvvəlcə festival iştirakçılarının kortejinin keçidi olub. Yerli sakinlər Azərbaycandan gələn iştirakçılara xüsusi maraq göstəriblər.
Tədbirdə çıxış edən Mersi Böyük Şəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Türkiyənin inkişaf naziri Lütfü Əlvam və digər çıxışçılar festivalın turizmin inkişafına töhfə verəcəyini bildiriblər.
Daha sonra iştirakçı ölkələrin rəqs qruplarının çıxışı olub. Azərbaycanı təmsil edən “Səma” rəqs qrupunun çıxışı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Ölkəmizi təmsil edən iştirakçılar festivalın bağlanışı günündə də səhnəyə çıxıblar.
Azərbaycanı təmsil edən Xətai rayonunun nümayəndələri və festival iştirakçılarının Mersin Böyük Şəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşü olub. Görüşdə Burhanəddin Kocamaz ölkəmizi festivalda təmsil edən iştirakçılara öz minnətdarlığını bildirib. P.İmanov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Məktəblilər festivalla bağlı təəssüratları ilə bölüşüblər, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şeirlər səsləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Mersin