ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə orta məktəblərində tarixin öyrədilməsi ilə bağlı tədqiqat aparılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan və Türkiyə orta məktəblərində tarixin öyrədilməsi məsələləri (müqayisəli təhlil)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsi olub. Dissertasiya işinin müəllifi Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) sədrinin müavini Nihat Büyükbaşdır. Onun elmi rəhbəri isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, N.Büyükbaş dissertasiyasında türk dünyasında tarixin yazılması, Azərbaycan və Türkiyədə tarix fənninin öyrədilməsi ilə bağlı tədqiqat aparıb.
Dissertasiya işində Azərbaycandakı tarix tədrisinin daha çox milli əsaslara dayandığı, Azərbaycan orta məktəb dərsliklərində türk dövlətlərinin tarixinin kompleks şəkildə, qərəzsiz və obyektiv əks olunduğu göstərilib.
Müzakirədə təklif olunub ki, tarix fənninin tədrisi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi qardaş Türkiyədə və digər türk respublikalarında da tətbiq olunmalıdır.
Türkiyəli alim elmi işində ortaq türk tarixinin yaradılması yolunda aparılan tədqiqatlara da toxunub.
Y.Mahmudov bildirib ki, ortaq türk tarixinin yazılması olduqca aktual və əhəmiyyətlidir. O deyib: “Bu dissertasiya işi “Ortaq türk tarixi” layihəsi çərçivəsində tarix elminə dəyərli töhfədir”.
Qeyd edək ki, 2013-cü ildə Tarix İnstitutu ilə ATAM arasında imzalanan elmi, mədəni və digər istiqamətlərdə əlaqələri əhatə edən birgə əməkdaşlıq protokolu çərçivəsində “Ortaq türk tarixi”nin yazılmasına başlanılıb.