CƏMİYYƏT
Azərbaycan və Türkiyə professorları orqan köçürülməsini müzakirə ediblər
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Üçüncü orqan transplantasiyası günləri çərçivəsində elmi konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə klinikanın direktoru, professor Surxay Hadıyev orqan köçürülməsi ilə bağlı türkiyəli həmkarlarla birgə tədbirlərin təşkilinin artıq ənənə halını aldığını qeyd edib. Professor müstəqillik qazandığı dövrdən etibarən Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən səhiyyədə də əlaqələrin genişləndiyini xatırlatdı.
S.Hadıyev bildirib ki, mütəmadi olaraq səhiyyə işçilərimiz qarşılıqlı səfərlərdə olur, birgə beynəlxalq konfranslarda iştirak edirlər. Bu baxımdan, Tibb Universitetinin Türkiyənin bir sıra elmi təhsil müəssisələri, o cümlədən İnönü Universiteti ilə möhkəm əməkdaşlığı var.
Türkiyənin Qaraciyər Transplantologiyası İnstitutunun müdiri, İnönü Universitetinin professoru Sezai Yılmaz hazırda dünyada orqan köçürülməsinin səhiyyənin mühüm bir hissəsini əhatə etdiyini bildirib. Bu sahənin son illər Azərbaycanda da inkişaf etdiyini vurğulayan S.Yılmaz bu məsələdə azərbaycanlı həkimlərlə təcrübə mübadiləsi aparmağın əhəmiyyətini qeyd edib.
Konfransda hər iki ölkə alimlərinin orqan transplantologiyası üzrə “Marginal donorlarda maşın reperfuziyası”, “Fərdi immunosupressiya”, “Qaraciyər transplantasiyası sonrası rəddetmənin biomarkerləri”, “Qan qrupu uyğunsuzluqlarında desensibilizasiya” və digər mövzular üzrə məruzələri dinlənilib.
Sonra hepatit C zamanı qaraciyər köçürülməsi, böyrək transplantasiyasına dair Azərbaycan həkimlərinin təcrübəsi ilə bağlı ölkənin aparıcı elmi tibb müəssisə və klinikalarının əməkdaşları çıxış ediblər.