CƏMİYYƏT


Azərbaycan və Türkiyə qardaşlığının daha bir bariz nümunəsi!

“Azərbaycan Bayrağı” ordenli Qarabağ qazisinə süni ürək cihazı yerləşdirilərək ikinci həyat bəxş edildi...

Bakı, 21 yanvar, AZƏRTAC

Qarabağ qazisinə süni ürək köçürülməsi əməliyyatı icra edilib. Artıq əməliyyatdan 3 ay keçib və o normal həyatını yaşadığını bildirir.

AZƏRTAC xəbər verir ki, Xocalı hadisələrinin canlı şahidi, Birinci Qarabağ müharibəsi qazisi Xəqani Səlimova Ege Hospitalında süni ürək köçürülüb. Əməliyyatı ürək-damar cərrahı, milli məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov icra edib. Əməliyyatda, həmçinin Ege Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyyəsi Kafedrasının müəllimi, ürək və damar cərrahı professor Tahir Yağdı və Ege Hospitalının komandası iştirak ediblər.

Qarabağ qazisi Xəqani Səlimov sentyabrın 18-də vəziyyətinin ağırlaşdığını, yaxşılaşmasına ümidin olmadığı üçün xəstəlik tarixçəsinə baxdıqdan sonra heç kimin onu qəbul etmək istəmədiyini bildirib. Daha sonra Ege Hospitala üz tutan qazinin sağalması üçün burada bütün imkanlar səfərbər edilib, ən kiçik bir şans belə qiymətləndirilib.

Qazini əməliyyat etməyə qərar verən Rəşad Mahmudov bu cərrahi müdaxilənin sadəcə bir insanın həyatının qurtarılması deyil, həm də başqa mənəvi dəyər daşıdığını qeyd edərək “Çünki bu həm də Xocalıdan uzaq düşmüş Azərbaycan əsgərinin qayıtma şansını, ümidləri doğrultma əməliyyatıdır” deyib.

Qazi əməliyyatın keçirildiyi ərəfədə həyatında əlamətdar hadisənin baş verdiyini, ilk nəvəsinin dünyaya gəldiyini və İkinci Qarabağ müharibəsinin başladığını deyib. O baba olmasının və Qarabağ döyüşlərindən gələn zəfər xəbərlərinin, bir gün yenidən uşaqlığının keçdiyi, böyüdü o torpaqlara qayıtma ümidinin onda yaşamaq üçün böyük stimul olduğunu qeyd edib.

R.Mahmudov müayinə zamanı xəstənin ürəyinin gücünün 12-13 faiz olması və gələcəkdə canlılığın bərpası ilə əlaqədar heç bir ümidin olmaması vəziyyəti ilə qarşı-qarşıya olduqlarını bildirib: “Hər nə qədər süni ürək transplantasiyası kimi imkanlar olsa da, bu xəstəmizdə ciddi infeksiyanın və sepsisin olması bütün şansları əlimizdən alırdı. Reanimotoloq Murat Asıliskender, infeksionist Nuri Beslen, terapevt Xəyyam Eyvazovun səyləri nəticəsində infeksiya, ürək çatışmazlığı nəzarət altına alındı və xəstəni əməliyyata hazırladıq. Uğurlu keçən əməliyyat nəticəsində planlaşdırılan sol mədəcik köməkçi cihazı problemsiz bir şəkildə implantasiya olunub. Bədənin həmin cihaza uyğunlaşması üçün vaxta ehtiyac olduğundan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. İkihəftəlik nəzarət aparılandan sonra xəstə sağ-salamat evinə göndərilib”.

Qazi Xəqani Səlimov əməliyyatdan öncə Rəşad həkimin ona dəfələrlə təkrarladığı “Sən Qarabağ qazisisən. Sən yaşayıb Xocalıda məni çaya qonaq etməlisən” sözlərini xatırlayıb. Xəstə başda Rəşad Mahmudov olmaqla yenidən həyata qayıtmasında rol oynayan hər kəsə öz minnətdarlığını bildirib. Əməliyyatdan sonra özünü 30 yaşındakından daha gümrah, güvənli hiss etdiyini bildirən qazi “İstəyirəm Azərbaycanda Rəşad həkimlər çoxalsın”, - deyə qeyd edib.

Rəşad Mahmudov Azərbaycan səhiyyəsinin, tibb işçisinin bu gün və gələcəkdə artan bütün imkanları ilə hər bir vətəndaşın, eləcə də əsgərin arxasında olacağını, onların sağlamlığının ən yüksək səviyyədə qorunmasına kömək edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.