ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə universitetləri Ermənistanın müharibə cinayətləri ilə bağlı tədbir keçirib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Ankara Universitetinin dəstəyi ilə “Ermənistanın müharibə cinayətləri və Qarabağ Zəfərinin təsirləri” adlı beynəlxalq onlayn tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirin təşkilində başlıca məqsəd 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin təsirlərinin və təcavüzkar ölkənin cinayət əməllərinin akademik səviyyədə müzakirəsi olub. Tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın və ATMU-nun rektoru İlham Mədətovun çıxışları ilə başlayıb. Hər iki ali təhsil müəssisəsinin rəhbərləri “Bir millət, iki dövlət” şüarının 44 günlük Qarabağ müharibəsində bir daha təsdiqindən söz açıb, Ermənistanın müharibə cinayətlərinin region üçün təhlükəli təsirlərinə dair fikirlərini bildiriblər.
Ölkəmizin Türkiyə Respublikasındakı səfiri Xəzər İbrahim isə Azərbaycan-Türkiyə münasibətlərindən, xüsusən Vətən müharibəsi və onun nəticələrindən danışıb. ATMU-nun professoru Məhərrəm Zülfüqarlı, eləcə də iki qardaş ölkədən bir çox mütəxəssislər mövzuya dair məruzələrlə çıxış ediblər. Çıxışlarda böyük tarixi ənənələrə söykənən Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, 2019-cu ildən ATMU ilə Ankara Universiteti arasında “Mövlanə” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam edir.