İQTİSADİYYAT


Azərbaycan və Türkiyənin Cənub Qaz Dəhlizinin daha da inkişafına yönəlmiş səyləri davam edəcək Şuşa Bəyannaməsi

Bakı, 19 iyun, AZƏRTAC

Həftənin əvvəlində, iyunun 15-də Şuşada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi sənədi - “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Sənəd tarixi, siyasi, hərbi tərəfləri ilə yanaşı, iqtisadi baxımdan da hər iki ölkənin birliyini, qardaşlığını və gələcək birgə fəaliyyətini özündə əks etdirir. Hazırda regional və qlobal enerji layihələrinin iştirakçısına çevrilən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Avrasiyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi üzrə gələcək birgə əməkdaşlıq da tarixi Şuşa Bəyannaməsində öz əksini tapıb. Belə ki, tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayıblar. Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcək. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə ediblər.

AZƏRTAC xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və təbii qaz nəqli layihələrinin həyata keçirilməsi ilə başlayan Azərbaycanla Türkiyənin enerji sahəsindəki regional əməkdaşlığı hazırda qlobal müstəviyə keçib. Belə ki, müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir. Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişib.

Seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edən Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. 3500 kilometr uzunluğunda boru kəmərləri zəncirindən ibarət olan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaradıb.

Təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. 1997-2001-ci illər ərzində “Şahdəniz” strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları dünya səviyyəli qaz kondensat yatağının olduğunu təsdiq edib. “Şahdəniz” yatağının işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında “Şahdəniz” üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verib. Həmin mərhələdə apstrim və midstrim infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin inşası nəzərdə tutulurdu. 2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri “Şahdəniz” Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir. “Şahdəniz” yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması Azərbaycanı qaz ixracatçısına çevirib və ölkəmizin enerji sənayesi tarixində yeni səhifə açıb.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz-2”, 2013-cü ildə təsdiqlənib. “Şahdəniz-2” dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada BP şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O, həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz-2” layihəsi 26 sualtı quyu, 500 kilometr sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 kilometr boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə “Şahdəniz” yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil edəcək. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur. “Şahdəniz-2” çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb.

“Şahdəniz-2” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri də genişləndirilib və Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün 3 yeni kompressiya obyektləri inşa edilib. Genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü hazırda 50,74 milyon kubmetr təbii qaz təşkil edir. CQBK 2006-cı ilin sonlarında istismara verilib və 15 ilə yaxındır ki, “Şahdəniz” Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. İstismara veriləndən bu vaxtadək TANAP-la Türkiyəyə 10 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-ın tam gücü ilə nəqlə başlayacağı 2022-ci ildən sonra hər il 1,5 milyard dollardan çox nəqletmə gəliri əldə olunacaq.

“Enerjinin İpək yolu” adlandırılan, Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçir və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatır.

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP boru kəməri ilə indiyədək Avropaya 2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib.

TAP boru kəməri Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP iki ölkənin qardaşlığının Anadoluya atılan imzası kimi xarakterizə edilir. Təqribən 40 milyard dollar investisiya ilə həyata keçirilən Cənub Qaz Dəhlizi vasitəsilə isə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli edilir. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti - Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinə nail olub. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verir. Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində “Şahdəniz” Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə qitə üçün yeni enerji təchizatı mənbəyinə çevrilib. Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolu güclənərək ölkəmizin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına da zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.