SİYASƏT
Azərbaycan və Türkiyənin daxili işlər nazirləri birgə mətbuat konfransı keçiriblər
Ankara, 31 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun avqustun 31-də Türkiyə Respublikasına səfəri başlayıb.
Ankarada nazir Ramil Usubov ilə Türkiyənin daxili işlər naziri Efkan Ala arasında görüş olub. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan nazir E.Ala bildirib ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan tərəfindən Türkiyənin qanuni hakimiyyətinə hərtərəfli dəstək verilib. Bugünkü səfərdə məqsəd hərbi çevrilişə cəhddən sonrakı proseslərdə Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini diqqətə çatdıran nazir Ramil Usubov məlumat verib ki, “Fətulla Gülən şəbəkəsi”nin Azərbaycandakı əlaqələrinin müəyyənləşməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Bu məsələ ilə bağlı Azərbaycan Baş prokurorluğunda cinayət işi açılıb. “FETÖ” ilə əlaqələrinə görə həbs olunanlar var. O cümlədən terrorçulara dəstək verdiyi üçün bəzi KİV-lər bağlanıb. Bu hadisə nəticəsində həlak olanlara rəhmət, yaralılara şəfa diləyən R.Usubov qeyd edib ki, Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi qardaş ölkəni böyük bəladan xilas edib.
Sonra nazirlər 15 iyulda qiyamçılar tərəfindən bombalanan Xüsusi Təyinatlı Qüvvələrin Gölbaşındakı qərargahında olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara