İQTİSADİYYAT


Azərbaycan və Türkiyənin enerji siyasəti Avrasiya üçün alternativsizdir

Ankara, 7 avqust, AZƏRTAC

Sürətlə qloballaşan dünyada ikinci bir mühüm proses elə eyni sürətlə davam edən qütbləşmədir. Tərəfdar ölkələrin sayını artırmaqla öz mövqelərini qorumağa çalışan böyük mərkəzlər yeni formalaşan münasibətlər sferasında kənarda qalmaq istəmirlər. Düzgün siyasət, iqtisadiyyatın şaxələnməsi, hərbi qüdrət kimi amillər isə bütün bu prosesdə həlledici imkanlara sahibdir.

Hazırda bütün dünya dövlətləri mövcud böhranlardan çıxış yolları axtarır. Böhranlar isə zəncirvari qaydada artmaqla bir-birini dərinləşdirir. Enerji, qida və xammal çatışmazlığı kimi məsələlər qeyd etdiyim böhranlar silsiləsində öndə dayanır.

Böhranları yaradan səbəblər müharibə və münaqişələr, qarşıdurmaların daşınmaçılığa mənfi təsiri, xammal tədarükündə mövcud pozuntulardır.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası Avropanın enerji təchizatında hərəkət istiqamətini kökündən dəyişib. Bakı-Tbilisi-Ceyhan və TANAP xətlərinin istifadəyə verilməsi ilə Avropaya xam neft və mavi qaz ixracatı yaşıl qitənin cənub səmtindən daxil olmağa başlayıb. Adı çəkilən hər iki xəttin ötürücülük gücü Avropanın tələbatını tam ödəməsə də, Avrasiyadakı mövcud vəziyyət bu istiqamətin alternativsizliyini ortaya qoyub ki, mövzumuzun bəhsi məhz bu barədədir. Ulu Öndərimizin müəyyən etdiyi bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın enerji siyasətini şaxələndirmiş və yeni-yeni siyasi-iqtisadi avantajlar qazandırmışdır. Mübahisəsiz olaraq ifadə etmək istəyirik ki, hazırda Avrasiya və Afrikada təchizatda sürətlə dərinləşən böhran hədlərinin qarşısının alınması Anadolu və Qafqaz bölgəsində sabitliyin qorunması və uzunmüddətli sülh təminatına bağlıdır.

Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Petkim kimi enerji və sənaye layihələri qardaş Türkiyənin təkcə iqtisadi inkişafında deyil, eyni zamanda, milli-dövlətçilik təhlükəsizliyinin qorunmasında da mühüm gücə çevrilib. İkinci Dünya müharibəsində və bu dağıdıcı savaşdan sonra böyük qalibiyyətlə ölkəni böhranlardan xilas edən müdrik türk diplomatiyası hazırda enerji və geosiyasi resursların gücü ilə öz şərtlərini bütün dünyaya diktə edir.

Hazırda Türkiyə enerjinin bütün növlərinin inkişafı üçün mühüm strategiyalar həyata keçirir. Bunun ən böyük nəticəsi enerjinin çevrilməsindəki itkilərin qarşısının alınmasına nail olunur. Əvvəlki illərdə xarici valyuta ilə aldığı qaz və yaxud mazutla istehsal etdiyi elektrik enerjisini məcburi qaydada qızdırıcı işlərə sərf etməklə böyük itkilərlə qarşılaşan Türkiyə hazırda aldığı enerji növlərini təyinatları üzrə sərf etməyi qarşısına məqsəd qoyub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 6-da Gəbzə İnformatika Kompleksində qatıldığı "Kocaeli Sənaye və Texnologiya Mərkəzinə dəyər verən" mükafat mərasimindən sonra test və sınaq prosesləri davam edən Türkiyənin milli avtomobili “Togg”un (Togg-Türkiye'nin Otomobili Girişim Grubu) test sürücülüyünü həyata keçirib. “Togg”un qarşıya qoyduğu ən mühüm hədəf məhz tam Türkiyə istehsalı olan elektrik mühərrikli avtomobilləri ölkə yollarına çıxarmaqdır.

Digər bir məlumatı təqdim edək: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftədə Mersin ərazisində inşa edilən “Akkuyu” atom elektrik stansiyasının tikintisi ilə yerindəcə tanış olaraq, sonra vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcək. Göründüyü kimi bərpaolunan bütün enerji resursları ilə xaricdən asılılığını, eləcə də enerjinin çevrilməsi ilə mövcud itkilərin qarşısını almağı hədəfləyən Türkiyə “Akkuyu” AES-in qrafik üzrə istifadəyə verilməsində israrlıdır.

Türkiyənin enerji və geosiyasi mərkəzə çevrilməsi təkcə ölkə daxili üçün deyil, eyni zamanda, Avropanın, eləcə də Afrikanın şimal qisminin enerji, qida və xammal təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə elektrik enerjisi sahəsində istehsalı və itki risklərini azaltmaqla TANAP ilə qəbul etdiyi qaz ehtiyatlarından daha çox həcmdə Avropaya nəql edə biləcək. Qeyd etməliyik ki, məhz TANAP-ın daşıyıcılıq gücü sayəsində neft və qaz tədarükçüsü olan ərəb ölkələri Türkiyəyə daha ucuz qiymətə karbohidrogen məhsullar satmaq üçün rəqabətdədirlər.

Yuxarıda sadaladığımız vəziyyət Zəngəzur dəhlizinin Avrasiya üçün nəfəslik olduğunu bir daha təkrar etməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft və qaz ölkəsi olmaqla bərabər həlledici tranzit imkanlara malik məkan, o cümlədən elektrik enerjisi ixracatçısıdır. Sənayedə və məişətdə enerjiyə olan gündəlik tələbat artdıqca tranzit və çoxnövlü enerji resurslarına sahib tərəflərin imkanlarına ehtiyac da bir o qədər artır.

Bəhsimizin sonunda bir daha qeyd etmək istəyirik ki, hazırda dünyanın üz-üzə qaldığı enerji, qida və xammal çatışmazlığı böhran həddindədir. Bu böhranları aradan qaldırılmasında sülh və sabitlikdən sonra enerji sahəsi birinci yerdə dayanır. Bir sözlə, Azərbaycan və Türkiyənin enerji siyasəti Avrasiya üçün alternativsizdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.