REGİONLAR


Azərbaycan və Türkiyənin hərbi təyyarələri Gəncə səmasında - YENİLƏNİB VİDEO

Gəncə, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 15-də saat 15.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar təşkil edilib. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər.

Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi ab-hava qatıblar.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə səmasında birgə uçuşlar keçirməsi bunu bir daha nümayiş etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.