ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında rəsm müsabiqəsi keçirilir

Bakı, 21 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bir millət, iki dövlət” beynəlxalq rəsm müsabiqəsi davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə 3 yaş qrupunda (6-9, 10-13, 14-18) 2 mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.

Müsabiqənin I mərhələsi fevralın 28-dək davam edəcək. Bu mərhələdə rəsm işləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 37, Az 1123) poçtla və yaxud [email protected] elektron ünvanına göndərilməlidir.

Martın 1-dən 15-dək olacaq ikinci mərhələdə münsiflər heyəti tərəfindən qalib işlər müəyyənləşdiriləcək.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Rəsmlər A3 formatda işlənməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika, kollaj və s.);

- Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

- Müsabiqəyə təhsil müəssisəsindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək;

- Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;

- Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.

Qeyd edək ki, müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin qalibləri və fəal iştirakçılar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 372 72 63 və (+994) 55 994 57 86 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.