SİYASƏT


Azərbaycan və UN HABITAT arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib VİDEO

Katovitse, 29 iyun, AZƏRTAC

İyunun 29-da Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin BMT-nin Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görüşdə Azərbaycanın UN HABITAT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri digər ölkələr üçün postmünaqişə dövründə yenidənqurma fəaliyyəti ilə bağlı örnək ola bilər. Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrinin bu sessiyada iştirakı da Azərbaycanın apardığı bərpa-quruculuq işlərinin beynəlxalq arenada təqdimatı, təcrübə mübadiləsi və beynəlxalq ekspertlərin diqqətini bu mövzuya cəlb etməyə kömək edəcəkdir.

Həmçinin diqqətə çatdırılıb ki, bu ilin payızında Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində Milli Şəhər Forumunun təşkil edilməsi planlaşdırılır. Bu forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatın geri qayıtması istiqamətində apardığı fəaliyyəti dünyaya nümayiş etdirmək üçün geniş imkanlar yaradacaq. Komitə sədri, həmçinin diqqəti ərazilərin minalarla çirklənməyə və bu problemin ərazilərin bərpası və sakinlərin öz torpaqlarına qayıdışı prosesinə maneə törətdiyini ifadə edib.

UN HABITAT-ın icraçı direktoru xanım Maimuna Mohd Şərif rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına UN HABITAT-a göstərilən diqqətə və təşkilata 1,5 milyon ABŞ dolları həcmində yardımın ayrılmasına görə minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycanda keçiriləcək Milli Şəhər Forumu gələcək əməkdaşlığın perspektivlərini müzakirə etməyə şərait yaradacaq.

Görüş zamanı, həmçinin UN HABITAT-ın Azərbaycanda təmsil olunması, eləcə də sentyabr ayında beynəlxalq qurumun texniki missiyasının Azərbaycana səfəri müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın UN-HABITAT-a maliyyə yardımı ilə bağlı sertifikat və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin əvvəlki və indiki vəziyyətini əks etdirən kitab UN-HABITAT-ın icraçı direktoruna təqdim edilib.

Görüşdə Azərbaycan Prezidenti Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, işğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Katovitse

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.