CƏMİYYƏT


Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb

Bakı, 25 iyun, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Petro Siqikalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və tər güllər qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad edib.

Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb, inkişaf perspektivləri müzakirə edilib. Habelə Azərbaycan ilə Ukrayna arasında beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-leqal dövriyyəsi, SMBK, BMT, Avropa İttifaqı, FRONTEX, GUAM təşkilatları çərçivəsində əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb. Həmçinin DSX-da həyata keçirilən islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.

Ukrayna nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilib.

İkitərəfli əməkdaşlığın normativ hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Ukrayna Dövlət Sərhəd Xidməti arasında 2019-2020-ci illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Planı” imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.