REGİONLAR
Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib
Sumqayıt, 30 iyun, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində şəhər “Dostluq” Mədəniyyət Evi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Ukrayna arasında dostluq və diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı, “Səmt” estrada qrupu və uşaqlardan ibarət “Start” estrada qrupu qala-konsert proqramı ilə çıxış ediblər. Konsertdə səslənilən ifalar və nümayiş olunan rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Valentina Volkova tədbirdə çıxış edərək, konsertdən məmnun qaldıqlarını və təşkilatçılara təşəkkürünü bildirib. O, iki ölkə arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.