CƏMİYYƏT


Azərbaycan və Ukrayna arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib VİDEO

Kiyev, 3 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Qonaqları salamlayan Vladislava Maqaletskaya bildirib ki, Ukrayna Azərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan ilə Ukrayna arasında illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür. Onun sözlərinə görə, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Vladislava Maqaletskaya vurğulayıb ki, Ukraynanın Baş naziri Denis Şmıqalın Azərbaycana gözlənilən səfəri zamanı iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair yeni sazişin imzalanması istiqamətində işlər davam etdirilir.

Səmimi və isti qəbula görə təşəkkürünü bildirən Rəşad Mafusov isə qeyd edib ki, Azərbaycan qida təhlükəsizliyi sahəsində Ukrayna ilə əməkdaşlıqda, hər iki ölkənin təcrübəsinin qarşılıqlı tətbiqində maraqlıdır.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı işğalda olan ərazilərimizi azad edib. Hazırda həmin ərazilərimiz yenidən qurulur və bərpa edilir. Həmin ərazilərdə qida məhsullarının identifikasiyasında Ukrayna təcrübəsindən yararlana bilərik”, - deyə Rəşad Mafusov əlavə edib.

Görüşdə iştirak edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova vurğulayıb ki, hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün güclü potensial var. Bu potensialdan istifadə etmək lazımdır. Qarşılıqlı investisiya qoyuluşunun artırılması istiqamətində birgə layihələr həyata keçirilə bilər.

Görüşün sonunda Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyətləri barədə geniş təqdimat keçirib.

Səfər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti, həmçinin Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə aid olan qurumlarının iş fəaliyyəti ilə də tanış olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.