SİYASƏT
Azərbaycan və Ukrayna diasporları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Bakı, 24 iyul (AZƏRTAC). Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Dünya Ukraynalılarını Əlaqələndirmə Şurasının nümayəndələri ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə DİDK sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin yaradılması, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və onun indiki fəaliyyəti barədə Ukrayna tərəfinə məlumat vermişdir. O, ölkəmizin reallıqlarının təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun rolunu qeyd etmişdir. Valeh Hacıyev Azərbaycan diasporunun formalaşmasına ümummilli lider Heydər Əliyevin töhfəsi, Azərbaycan Prezidenti İlham Əliyevin müasir dövrdə bu diasporun işinə diqqət və qayğısı barədə söhbət açmışdır.
Dünya Ukraynalılarını Əlaqələndirmə Şurasının sədri Mixail Ratuşnı demişdir ki, Azərbaycan və Ukrayna xalqları arasında dərin tarixi dostluq əlaqələri vardır. Ukrayna nümayəndə heyətinin başçısı qeyd etmişdir ki, hazırda Azərbaycanda 30 min ukraynalı yaşayır, onlar bu ölkədə özlərini çox rahat hiss edirlər.
Ukraynalı qonağın sözlərinə görə, indi Azərbaycan çox dəyişmiş, Bakı şəhəri daha da gözəlləşmişdir. Burada sürətli inkişaf hiss olunur. “Aşkar görünür ki, dövlət öz xalqının firavanlığını təmin etmək üçün çox səy göstərir”, - deyən M.Ratuşnı onu da qeyd etmişdir ki, Azərbaycan diasporunun iş təcrübəsi Ukrayna diasporu üçün də faydalı olardı.
Tərəflər danışıqlar zamanı Azərbaycan və Ukrayna icmalarına aidiyyəti olan humanitar layihələrin həyata keçirilməsinin nəticələri barədə fikir mübadiləsi aparmışlar.