İQTİSADİYYAT


Azərbaycan və Ukrayna gömrük xidmətləri qarşılıqlı əməkdaşlığı genişləndirir

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan və Ukrayna gömrük xidmətləri qarşılıqlı əməkdaşlığı genişləndirməyə maraq göstərirlər.

Ukrayna Azərbaycanla gömrük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər yanvarın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və Azərbaycan-Ukrayna əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Aydın Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 25 illiyi münasibətilə təbrik sözlərini ifadə edərək, eyni zamanda, Azərbaycana yenidən səfər etməsindən və burada hərtərəfli inkişafdan, eləcə də gömrük işində əldə edilən uğurlardan məmnun qaldığını söyləyib. Ukraynanın Azərbaycanla bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Roman Nəsirov Azərbaycan Gömrük Xidməti ilə xüsusən informasiya texnologiyalarının tətbiqi və kinoloji işlə bağlı təcrübə mübadiləsinin ümumi işə fayda verdiyini vurğulayıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.