SİYASƏT
Azərbaycan və Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Tokio, 29 iyun, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiyanın Xarici İşlər üzrə dövlət naziri, Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü Kenci Vakamiya ilə görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə K.Vakamiya G.İsmayılzadəni Azərbaycanın Yaponiyaya fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Öz növbəsində, G.İsmayılzadə qəbula, səmimi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Sonra G.İsmayılzadə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrin inkişafına yüksək önəm verildiyi haqqında geniş məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər, iqtisadi sabitliyi qorumaq üçün atılan vacib addımlar barədə danışıb, ölkə başçısının pandemiya zamanı ilk növbədə əhalinin sağlamlığına və sosial problemlərin həllinə prioritet verdiyi vurğulanıb.
K.Vakamiya Yaponiya iqtisadiyyatına koronavirus epidemiyası nəticəsində ağır zərərin vurulduğunu qeyd edib. Yaponiya hökumətinin ölkə əhalisinə və fərdi biznesə göstərdiyi dəstək proqramı haqqında məlumat verib.
İkitərəfli münasibətlərin inkişafı mövzusuna toxunan G.İsmayılzadə bu istiqamətdə qarşılıqlı yüksək səviyyəli səfərlərin vacibliyini vurğulayıb.
Söhbət əsnasında, K.Vakamiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də geniş məlumat verilib.
Azərbaycan və Yaponiya arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu xatırladan səfir, Yaponiyanın nəhəng “ITOCHU” və “INPEX” şirkətlərinin ölkəmizdə həyata keçirilən irimiqyaslı enerji layihələrində iştirakını qeyd edib. Hazırda iki ölkə arasında qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şəraitin olduğu və bunun hər iki tərəf üçün faydası vurğulanıb. Bu səpkidə, “Silk Way Group” şirkətinin fəaliyyəti G.İsmayılzadə tərəfindən nəzərə çatdırılıb, “Silk Way West” aviaşirkətinin 2016-cı ilin yanvarından Komatsu və 2017-ci ilin dekabrından Osaka şəhərlərinə birbaşa karqo uçuşlarını həyat keçirildiyi qeyd edilib. Səfir “Silk Way West” aviaşirkətinin Yaponiyada nümayəndəlik açan ilk Azərbaycan şirkəti olduğunu vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio