ELM VƏ TƏHSİL


Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub VİDEO

Tokio, 15 fevral, AZƏRTAC.

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı, kanalın rəhbəri Kazuyasu İşida və Azərbaycan Dillər Universitetinin müəllimi, “Yaponiya araşdırmaları” mərkəzinin rəhbəri Yaşar İbrahimov Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişafı, iki ölkənin təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı, Azərbaycanda yapon dilinin tədrisi barədə fikir mübadiləsi aparıblar.

Verilişdə Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyi, siyasi, iqtisadi, mədəni və idman sahələri ilə yanaşı, təhsil sahəsində əməkdaşlıqda da uğurlar əldə edildiyi qeyd olunub. Vurğulanıb ki, bu uğurların əldə edilməsində iki dövlət və xalq arasında mövcud dostluq münasibətləri və biri-birinə göstərilən böyük diqqət və maraq mühüm rol oynayır. Bildirilib ki, hazırda Azərbaycanın bir sıra orta məktəblərində, həmçinin Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dili tədris olunur, yaponşünaslıq ixtisası üzrə tədqiqatlar aparılır. Eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı elmi tədqiqatlar aparılır. Bu işdə qarşılıqlı əməkdaşlıq, tələbə və tədqiqatçı mübadiləsi ilə yanaşı, müəllim-şagird mübadilələrinin aparılması mühüm rol oynayır. Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyasının son bir ildə bu əməkdaşlığa mənfi təsir göstərdiyi də verilişdə təəssüf hissi ilə qeyd olunub. Bildirilib ki, buna baxmayaraq, əlaqələrin yeni, daha müasir formalarından istifadə edilərək birgə layihələrin həyata keçirilməsi davam etdirilir.

Verilişdə son illər əhalinin sürətlə qocalması nəticəsində Yaponiyada əmək münasibətləri sahəsində yaranan problemlər, bununla əlaqədar azərbaycanlı gənclərin bu ölkədə çalışmasına imkanların artdığı da qeyd edilib. Bildirilib ki, Yaponiya hökumətinin əcnəbilərin ölkəyə gəlişinə tətbiq etdiyi yumşaltmalar azərbaycanlıların bu ölkəyə gələrək müxtəlif sahələrdə çalışmasına geniş imkanlar açır. Yapon dilini, mədəniyyətini öyrənən gənclər asanlıqla təhsillərini Yaponiyada davam etdirmək və gələcək karyeralarını bu inkişaf etmiş ölkədə qurmaq üçün geniş imkanlar əldə edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.