CƏMİYYƏT


Azərbaycan və Yaponiya seysmoloqları Xəzər dənizində birgə tədqiqatlara başlaya bilərlər

Bakı, 20 sentyabr, AZƏRTAC 

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “OYO” şirkətinin Respublika Seysmoloji Xidmət Mərkəzi ilə uzun illərdən bəri əməkdaşlıq etdiyi və tərəflərin bu əlaqələrin daha da genişləndirilməsinə maraqlı olduqları vurğulanıb.

RSXM-in baş direktoru qonaqlara hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barədə ətraflı məlumat verib. O, həmçinin ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələrin həyata keçirilməsinə dair təklif irəli sürüb. Qurban Yetirmişli birgə əməkdaşlığın tərəflər üçün faydalı olduğunu qeyd edib.

Müzakirələr zamanı Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və mərkəzin dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verilməsinə də toxunulub.

“OYO” şirkətinin vitse-prezidenti Toti Hakada Xəzər dənizində birgə əməkdaşlıqla bağlı təklifi müsbət qarşılayaraq bu istiqamətdə layihənin hazırlanmasının mümkün olduğunu deyib. Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə də müsbət təsir göstərəcəyini deyib.

Görüşdə Toti Hakada RSXM-in baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək Beynəlxalq Seysmoloji Simpoziuma dəvət edib. Qurban Yetirmişli dəvəti qəbul edib. Həmçinin tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihazlar və texnologiyalara dair də fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.