MƏDƏNİYYƏT


Azərbaycan və dünya incəsənətinə həsr olunan növbəti mühazirə

Bakı, 31 oktyabr, AZƏRTAC

“ASAN xidmət”, “YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti mühazirə oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru Xanım Əsgərova tərəfindən keçirilib. Mühazirə “Azərbaycan sovet rəngkarlığı” mövzusuna həsr olunub.

Mühazirədə Azərbaycanda sovet dövrü rəssamlarının yaradıcılıq mühiti, bu sahədə təhsil, rəssamların müraciət etdikləri mövzular, tarixi keçmişə müraciət, Babək, Koroğlu, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli obrazlarının yaradılması haqqında məlumat verilib. Həmçinin sovet dövrünün tələblərinin rəssamların yaradıcılığına təsiri diqqətə çatdırılıb. Hər bir rəssamın özünəməxsus dəst-xəttinin onun yaradıcılığını xarakterizə etdiyi vurğulanıb.

Tədbirdə Azərbaycan rəssamlarından Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Oqtay Sadıqzadə, Tahir Salahov və başqalarının yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub.

Layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər. Layihə müddətində 4 mühazirə təşkil olunub və ümumilikdə 500-dən artıq nəfər iştirak edib. Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.