ELM VƏ TƏHSİL
“Azərbaycan və dünya qorqudşünaslığı” toplusunun birinci cildi çapa təqdim edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Dədə Qorqud şöbəsi “Azərbaycan və dünya qorqudşünaslığı” adlı üçcildlik elmi araşdırmalar toplusunun birinci cildini tamamlayaraq çapa təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən fundamental elmi əsərlər toplusunun “Klassik Azərbaycan qorqudşünaslığı” adlanan ilk cildində XX əsrin birinci yarısında yaşayıb-yaratmış klassik Azərbaycan tədqiqatçıları ilə yanaşı, yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran araşdırıcıların elmi əsərlərinə də yer ayrılıb.
Cildin tərtibçiləri elmi müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı və şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanovdur. Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovdur.