CƏMİYYƏT


Azərbaycan və gürcü gəncləri Tbilisidə bir araya gəliblər

Tbilisi, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və gürcü gənclərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə dəstəyi ilə reallaşıb.

Forumda Azərbaycan və Gürcüstan KİV-ini, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr və ekspertlər iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Tamerlan Tağıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, Gürcüstan parlamentinin deputatı Zaur Dargallı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, tarixçi alim professor Quram Marxuliya və başqaları çıxış edərək forumun əhəmiyyətindən danışıb, bu cür tədbirlərin təşkilinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində “Regionda medianın sülhə dəstəyi” və “Regionda gənclərin sülhə dəstəyi” mövzularında panel müzakirələri aparılıb.

Panellərdə çıxış edən natiqlər bildiriblər ki, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar çərçivəsində bölgədə sülhün, sabitliyin bərqərar olması, eləcə də birgə yaşayış imkanları artıb. Azərbaycanın gənclər təşkilatları və media nümayəndələri sülhün davamlı olması və daha da möhkəmlənməsi üçün səylərini artırmaq barədə razılığa gəliblər.

Forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımızı və digər millətlərdən olan gəncləri bu təşəbbüsə cəlb etmək, regionda möhkəm sülhə zəmin yaratmaqdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.