CƏMİYYƏT


Azərbaycan və gürcü xalqları arasındakı dostluğu heç bir qüvvə poza bilməz

Tbilisi, 9 aprel, AZƏRTAC

Azərbaycan və gürcü xalqları xoş və faciəli günlərdə daim bir yerdə olublar. Bu gün “20 Yanvar” İctimai Birliyinin üzvlərinin Tbilisidə 9 Aprel faciəsi qurbanlarının xatirəsini anmaları bunu bir daha sübut edir.

Bu sözləri 9 Aprel faciəsi qurbanlarının xatirəsini anmaq üçün Tbilisidə səfərdə olan “20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadə AZƏRTAC-a müsahibəsində söyləyib. S.Əzimzadə deyib ki, “20 Yanvar” İctimai Birliyi Gürcüstanda fəaliyyət göstərən “9 Aprel” Komitəsi ilə sıx əməkdaşlıq edir. Biz birgə tədbirlər təşkil edir, şəhidlərimizi birlikdə anırıq. Artıq 30 ildir ki, bizim İB-nin üzvləri Tbilisidə 9 Aprel faciəsi qurbanlarının xatirəsini anırlar. Eyni ilə “9 Aprel” Komitəsinin üzvləri hər il yanvarın 19-20-də Bakıda olur, Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram göstərirlər. “Məqsədimiz təkcə abidəni ziyarət etmək deyil, həm də xalqlarımızın qəhrəmanlıq, müstəqillik uğrundakı mübarizə tarixini təbliğ etməkdir”, – deyə S.Əzimzadə vurğulayıb.

S.Əzimzadənin sözlərinə görə, ictimai birliklər arasında mövcud olan işgüzar əlaqələr artıq ölkələrimizin dostluq münasibətlərinin inkişafında da özünü göstərir.

“9 Aprel” Komitəsinin sədri Qiorqi Xiçuriani isə AZƏRTAC-a müsahibəsində deyib ki, artıq 30 ildir azərbaycanlı qardaşlarımız Tbilisiyə gələrək bizimlə həmrəylik nümayiş etdirirlər. “Yadımdadır, 1989-cu ildə azərbaycanlı dostlarımızı sərhəddən buraxmamışdılar. Amma onlar yenə də yol tapıb bizə qoşuldular və biz şəhidlərimizin xatirəsini bir yerdə andıq. Bu gün də onlar bizimlədir. Biz bundan qürur duyur və Azərbaycan xalqına minnətdarıq”, - deyə Q. Xiçuriani bildirib.

Komitə sədri dövlətlərimiz arasındakı münasibətləri də yüksək qiymətləndirərək deyib: “Heydər Əliyev və Eduard Şevardnadze xalqlarımız arasındakı dostluq əlaqələrinin elə möhkəm təməlini qoyublar ki, bunu heç kim poza bilməz. Çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan rəhbərliyi də bu ənənəni davam etdirirlər. Bu, bizim birliyimizi daha da möhkəmləndirir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.