ELM VƏ TƏHSİL
Azərbaycan və özbək xalqları arasındaki əlaqələr dərin tarixi köklərə malikdir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Özbəkistanın tanınmış yazıçı-publisisti Şöhrət Salamovla (Şöhrət Barlas) görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyib.
Söhbət zamanı Özbəkistanın elmi ictimaiyyəti ilə daha sıx əməkdaşlığın qurulmasına, gələcəkdə Şöhrət Barlasla institutda növbəti görüşlərin təşkilinə dair razılı əldə olunub. Vurğulanıb ki, yazıçının “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabı beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun genezisinə, daşnakların XIX-XX əsrlərdə türk xalqlarına, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib.
Özbəkistanda xalqlarımız arasındakı əlaqələrin inkişafına xidmət edən mühüm işlərin görüldüyünü deyən qonaq bildirib: “Bizim ali məktəblərdə Azərbaycanın görkəmli şəxsiyyətləri olan Üzeyir Hacıbəyliyə, Maqsud Şeyxzadəyə, Ziya Bünyadova həsr olunmuş kabinetlər istifadəyə verilib. Akademik Ziya Bünyadovun özbək dilində çapdan çıxan “Xarəzmşahlar dövləti” kitabı Özbəkistanda stolüstü nəşrdir”.
Azərbaycanlıların Özbəkistanın ictimai, mədəni həyatında tarixən mühüm izlər qoyduğunu deyən Şöhrət Barlas məlumat verib ki, bu ay dahi şair Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə özbək dilində çap edilib.