İDMAN
Azərbaycan velosipedçiləri “Tour d’Azerbaïdjan-2015” yürüşünə uğurla başlayıblar VİDEO
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Tour d’Azerbaidjan-2015” veloyürüşünə mayın 6-da start verilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı beşgünlük yarışında planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Dövlət Bayrağı Meydanında turun açılışında əvvəlcə iştirakçı komandaların təqdimatı keçirilib.
Turun ümumi uzunluğu 154 kilometr olan birinci mərhələsinə Sumqayıtda yekun vurulub. Bakıdan “Gənclik şəhəri”nə yollanan yürüş iştirakçıları burada beş dövrə vurduqdan sonra qalib müəyyənləşib.
Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Ölkəmizin elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli “AZAL” köynəyini əldə edib.
Birinci mərhələnin qalibi Sloveniyanın “Adria-Mobil” komandasının üzvü Marko Kump olub. O, 3 saat 36 dəqiqə 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli “Synergy” köynəyinə sahib olub. Mərhələnin qalibi olan Marko Kump ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyi ilə də təltif edilib.
İtaliyanın “Androni Giocattoli” komandasının üzvü Françesko Kiki və “Synergy Baku”nun, eləcə də elit yığma komandasının üzvü Maksim Averin liderdən cüzi fərqlə geri qalaraq, müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun “Minsk” komandasının üzvü Vladimir Harakavik fərqlənərək bənövşəyi rəngli “Ataholding” köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim ediblər.
Üçüncü pillənin sahibi olan Maksim Averinə mükafat atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il dünya turunun qalibi Aleksandr Averin tərəfindən təqdim olunub.
Sonra veloyürüşünün birinci turunun yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Komanda yoldaşlarına təşəkkürünü bildirən mərhələnin ən yaxşı dağ velosipedçisi, “Synergy Baku”nun üzvü Elçin Əsədov deyib: “Əvvəldən planımız belə idi ki, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun”. O, komandanın taktikasına əsasən, Maksim Averinin də ilk üçlüyə düşməsinin əvvəlcədən planlaşdırıldığını bildirib.
Mərhələni üçüncü pillədə bitirən Maksim Averin isə hisslərini bölüşərək deyib: “Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında ikinci yerdədir.
“Tour d’Azerbaïdjan-2015” veloyürüşünün ikinci mərhələsinə mayın 7-də saat 10:30-da Veloparkda start veriləcək. Velosipedçilər 187 kilometr məsafə qət edərək İsmayıllıda mərhələni başa vuracaqlar.
Veloyürüş iştirakçıları “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayırlar.