İDMAN
Azərbaycan velosipedçisi Rumıniyada uğurla çıxış edib
Buxarest, 10 iyul, AZƏRTAC
Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Sibiu" Velosiped Turu yarışının dağa fərdi ötüşmə üzrə 6,8 kilometrlik 3-cü mərhələsində "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov qələbə qazanıb.
Məsafəni 16 dəqiqə 21 saniyəyə qət edən velosipedçimiz ən yaxın izləyicisi İtaliyanın "Androni Giocattoli" pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.
Bu mərhələdəki uğurlu çıxışı sayəsində "Synergy Baku"nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib.
On doqquz komandanın iştirak etdiyi "Sibiu" turuna sabah yekun vurulacaq.
Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi - Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest