ELM VƏ TƏHSİL
Azərbaycan vətəndaşları Macarıstanda təhsil almaq üçün iki ölkənin elektron ərizə sisteminə müraciət etməlidirlər
Bakı, 4 dekabr, AZƏRTAC
Macarıstanda təhsil almaq üçün təqaüd proqramına müraciət edəcək Azərbaycan vətəndaşları iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidir. Bunun üçün namizəd əvvəlcə Macarıstan elektron ərizə sistemini doldurub təsdiq etməli, sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemində müraciətini tamamlamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanda təqaüd proqramına həsr olunan onlayn vebinarda Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib.
O bildirib ki, hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcək.
Xatırladaq ki, Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir. Təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulur.
Təqaüd proqramına sənəd qəbulu 2021-ci il yanvarın15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.