CƏMİYYƏT
Azərbaycan vətəndaşları yenidən Norveçə səfər edə bilərlər
Stokholm, 17 iyul, AZƏRTAC
Epidemioloji vəziyyət yenidən qiymətləndiriləndən sonra Azərbaycan vətəndaşları yenə Norveçə sadələşdirilmiş yolla səfər edə bilərlər.
AZƏRTAC xəbər verir ki, Norveç hökumətinin müvafiq qərarı iyulun 19-dan qüvvəyə minir.
Norveç İctimai Səhiyyə İnstitutu ilk dəfə olaraq Avropa İttifaqına daxil olmayan ölkələr siyahısından olan və yoluxma səviyyəsi səbəbindən Norveçə giriş və çıxışla bağlı məhdudiyyətlərin yumşaldılması tələb olunan ölkələrdə və regionlarda hazırkı vəziyyət barədə rəyini təqdim edib. Bu siyahıya daxil olan ölkələrin vətəndaşları Norveçə gələndən sonra karantin mehmanxanasına məcburi yerləşdirilməkdən azad olunacaqlar, bu isə qaydaların əhəmiyyətli dərəcədə yumşaldılması deməkdir. Belə ölkələr Norveç İctimai Səhiyyə İnstitutunun siyahısında “bənövşəyi ölkələr” adlandırılacaq. “Bənövşəyi ölkələr” siyahısında Azərbaycandan başqa Albaniya, Bosniya və Herseqovina, Kanada, Kosovo, Moldova, Monteneqro və Qətər də yer alıb.
Lakin, məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, Norveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa İqtisadi Zonasının, Şengen zonasının xaricində yerləşən ölkələrə və Birləşmiş Krallığa qəti zəruri olmayan bütün səfərlərdən hələ də çəkinməyi tövsiyə edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm