CƏMİYYƏT
Azərbaycan veteranları Moskvada beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 5 dekabr, AZƏRTAC
Moskvada, Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində İkinci Dünya müharibəsi veteranlarının iştirakı ilə “Qaliblərin balı” adlı tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Moskva uğrunda döyüşlərin 75 illik yubileyinə həsr olunmuş “Qaliblərin balı” silsiləsindən sayca 11-ci tədbirdə Azərbaycanı İkinci Dünya müharibəsi veteranları Bəkir Məmmədov, Seyfulla Baxışov, Leninqrad mühasirəsinin iştirakçıları İrina Qədimova, Yekaterina Sadıxova, təşkilatın şöbə müdiri Lətif Babayev, baş mütəxəssislər Nəbi Hacıyev və Azər İsmayılov təmsil ediblər.
Tədbir İkinci Dünya müharibəsinə və bu qanlı savaşda SSRİ-nin Qələbəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başlayıb.
Sonra müharibənin canlı şahidləri, Rusiyanın dövlət və ictimai təşkilatlarının nümayəndələri çıxış ediblər. Tədbirdə Rusiyanın və digər ölkələrin tanınmış incəsənət xadimləri vətənpərvərlik mövzularında mahnılar, şeirlər səsləndiriblər, rəqslər ifa ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Bəkir Məmmədov və İrina Qədimova Rusiya televiziya kanallarına müsahibə verərək ölkəmizin İkinci Dünya müharibəsində yaxından iştirakından, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden və medallara layiq görülmələrindən danışıblar. Qeyd ediblər ki, qanlı döyüşlərdə 300 mindən çox soydaşımız həlak olub. Azərbaycan xalqı bəşəriyyəti dəhşətli faşizm bəlasından xilas etmək üçün arxa cəbhədə misilsiz fədakarlıqlar göstərib.
Veteranlarımız digər ölkələrin nümayəndə heyətlərinin üzvləri ilə söhbətlərində Azərbaycanda 9 May - Qələbə Gününün hər il böyük təntənə ilə qeyd edilməsindən, veteranlara dövlət tərəfindən xüsusi qayğının göstərilməsindən, Respublika Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verməsindən danışıblar.
Azərbaycan ilə, xüsusilə veteran təşkilatları arasında əlaqələrin inkişafında yaxından iştiraklarına görə bir qrup şəxsə Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.