ELM VƏ TƏHSİL
“Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib YENİLƏNİB
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan xalça sənətinin qorunması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda giriş sözü ilə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edib. Akademik bildirib ki, dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən olan xalçaçılıq milli mədəniyyətimizin bir hissəsidir. Son illər ölkəmizdə xalçaçılıq sahəsinə diqqət artıb. Xalçaçılığın inkişafı maddi və mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Akademik Altayda kurqanlarda tapılmış ən qədim (2500 il əvvəl) “Pazırıq” xalçasının da Qarabağda – qədim Bərdədə toxunduğunu diqqətə çatdırıb. Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Ərdəbil qrupuna aid olan “Şahabbası” xalçalarından bəhs edən alim bu adın Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbas (1587-1629) ilə bağlı olduğunu bildirib.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə “Azərbaycan xalçalarında Heydər Əliyev obrazı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalçasının ölkəmizin tarixini özündə əks etdirdiyi vurğulanıb. Ərtegin Salamzadə incəsənətin inkişafına hər zaman böyük diqqət göstərmiş ulu öndər Heydər Əliyevin obrazının xalçalarda əks olunmasından danışıb.
İnstitutun direktoru xalçaçılığın xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər daha da sürətlənib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi və təbliği üçün geniş imkanlar açılıb.
Ərtegin Salamzadə elmi-praktik konfransın əhəmiyyətindən, burada dinləniləcək məruzələrin aktuallığından bəhs edib.
Konfransda “Azərbaycan xalçalarında Heydər Əliyevin obrazı”, “Azərxalça” ASC Azərbaycan xalça sənətinin keşiyindədir”, “Qarabağ məktəbi xalçalarının əsas inkişaf istiqamətləri və Qarabağın saray xalçaları”, “Azərbaycan kino sənətində xalça”, “Azərbaycan xalçalarında ov motivləri”, “Son orta əsrlər dövrü Gəncə xalçalarının öyrənilməsinin tətbiqi əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə bildirilib ki, Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olan xalçalar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xalçaçılığın inkişafında yeni mərhələ başlanıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” ASC-nin yaradılmasıdır. Dövlət başçısının təşəbbüsü ilə yaradılan “Azərxalça” bir neçə strateji məqsədin reallaşdırılmasına imkan verib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin, “Azərxalça” ASC-nin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, AMEA-nın Gəncə Bölməsinin əməkdaşları iştirak ediblər.