Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan xalçaçıları Qarabağa yaratmaq və yaşatmaq əzmi ilə qayıdacaqlar

Azərbaycan xalçaçıları Qarabağa yaratmaq və yaşatmaq əzmi ilə qayıdacaqlar

Bakı, 27 oktyabr, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, tarix elmləri doktoru, professor Vidadi Muradov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Vidadi müəllim, bu gün bütün dünya Qarabağ torpaqları, Qarabağ həqiqətləri uğrunda dövlətimizin, xalqımızın apardığı mübarizədən danışır...

- Bu gün bütünlükdə mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşürük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımız, o cümlədən də Azərbaycan elmi ictimaiyyətinin bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırlar. Lakin onlar cəbhədə böyük ürəklə və böyük inamla döyüşürlər. Bu gün bölgəsindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.

- Bu mübarizədə Azərbaycan elminin rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan elmi cəmiyyətimizi düşündürən bütün problemlər üzrə öz sözünü deməyə, sahə tədqiqatları aparmağa qadirdir. Tarixi Azərbaycan torpaqları, o cümlədən Qarabağ uğrunda xalqımızın mübarizəsində Azərbaycan aliminin öz rolu, öz dəyişməz mövqeyi var. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında bu mövzuda bir-birindən maraqlı tədqiqatlar aparılıb. Tədqiqatların nəticələri müxtəlif dillərdə çap olunmuş kitablarda, jurnallarda, monoqrafiyalarda öz əksini tapıb. Alimlərimiz iştirak etdikləri beynəlxalq elmi tədbirlərdə Qarabağ həqiqətlərini dünya elmi ictimaiyyətinin diqqətinə çatdırıblar.

Bilirsiniz ki, ermənilərin yalnız Qarabağa deyil, bütünlükdə tarixi Azərbaycan torpaqlarına iddiası XIX əsrdən başlayır. Bu iddia sonrakı dövrlərdə daha kəskin forma almışdı.

Həmin dövrdən başlayaraq, istər sovet məkanında, istərsə də xaricdə çap olunan elmi əsərlərdə ermənilər Azərbaycan torpaqlarına, o cümlədən mədəni abidələrimizə, musiqimizə, mətbəximizə, geyimlərimizə, o cümlədən də xalçalarımıza olan iddialarını səsləndirməkdən çəkinmirdilər. Mən 1985-ci ildə Ermənistanın Sərdarabad tarixi-etnoqrafik muzeyində olarkən burada erməni maddi-mədəniyyətinin nümunələri kimi təqdim olunan Qarabağ, Şirvan, İrəvan, Bakı, Naxçıvan, Quba, Qazax-Borçalı, Gəncəbasar, Muğan, Dərbənd bölgələrinə aid qədim xalça və xalça məmulatlarını gördüm. Bütün xalça ekspozisiyası bütünlükdə ermənilərin qondarma “Qoar”, “Vişapaqorq”, “Berd”, “Vaanaqorq”, “Nşaqorq”, “Xaçxoran”, “Vaspurakan”, “Qoris”, “Çeraberd”, “Arçvaqorq”, “Xndzoresk”, “Arçvapar”, “Astxaavk” və s. kimi yalançı adlarla adlandırdıqları, üzərlərinə erməni əlifbası ilə sözlər əlavə etdikləri Azərbaycan xalçalarından ibarət idi. Bu yazıların həmin xalçaların bədii kompozisiyasına uyğun olmadıqları, qondarma xarakter daşıdıqları ilk baxışdan hiss olunurdu. Bununla onlar həmin xalçaların gözəlliyinə valeh olmuş sadəlövh tamaşaçını aldada bilirdilər. Bu proses yalnız Sərdarabad muzeyi ilə məhdudlaşmırdı. Sonralar İrəvandakı Ermənistan tarixi muzeyində, digər muzeylərdə də eyni vəziyyətin şahidi olmuşam.

Bilirsiniz ki, Ermənistandakı əksəriyyəti tarixi-etnoqrafik səciyyə daşıyan muzeylərin demək olar hamısının fondu xalçalar da daxil olmaqla Azərbaycan maddi-mədəniyyət nümunələrindən – zərgərlik məmulatlarından, geyimlərdən, ev müxəlləfatından, silahlardan, kənd təsərrüfatı alətlərindən ibarət idi. Azərbaycan alimləri hələ o dövrlərdə bu iddiaların daha geniş miqyas alacağını, daha da kəskinləşərək münaqişə ocağına çevriləcəyini bildirirdilər. Sovet rəhbərliyindən, SSRİ elmlər akademiyasının rəhbərliyindən bu əsassız iddialara cavab verməyi, ermənilərin saxtakarlıqlarının qarşısını almağı tələb edirdilər. Lakin ötən əsrin 70-ci illərinə qədər zaman və hakimiyyət ermənilərin xeyrinə işləyirdi. Bəzən o illərdə Azərbaycan alimlərini ermənilərə layiqli cavab verməməkdə, sayıqlığı itirməkdə günahlandırırlar. Lakin bu, belə deyil. Çünki o vaxt ermənilərə cavab verərək, onların hücumlarının qarşısını almaq istəyən Azərbaycan alimləri, sözün əsl mənasında, repressiyaya məruz qalırdılar. Ən yaxşı halda ya elmdən uzaqlaşdırılır, ya da həbs olunurdular. Ermənilər isə “Böyük Ermənistan” planlarını sətir-sətir, kitab-kitab cəmiyyətin düşüncəsinə yeridir, özlərinə tərəfdar, havadar toplayırdılar. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, Sovet rəhbərliyində təmsil olunduğu dövrlərdə ermənilərin bu fəaliyyətinin qarşısı alınmışdı. Heydər Əliyev amili aradan qaldırıldıqdan sonra ermənilər öz istəklərinə nail olmaq üçün hərəkətə keçdilər. 1980-ci illərin sonlarında uydurma “Dağlıq Qarabağa müstəqillik” ideyasının da əsasında illər boyu ermənilər damla-damla topladıqları həmin o saxta elmi potensial, sovet məkanında və xaricdə nəşr olunmuş əsərlər dayanırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, təkcə Qarabağ haqqında deyil, bütünlükdə Azərbaycan haqqında tarixi həqiqətləri dünyaya çatdırmaq imkanı qazanmışıq. Hər bir Azərbaycan alimi öz elmi istiqaməti, biliyi çərçivəsində bu prosesdə iştirak edir. İndi alimlərimizin dünyaya çıxış imkanı daha genişdir. Müxtəlif xarici ölkələrdə çalışan onlarla Azərbaycan alimi bu gün bizim xaricdəki elmi diasporumuzu təmsil edir, Azərbaycan ideologiyasının dünyada tanıdılmasına çalışır. Bu gün dünyada vətənimiz, xalqımız haqqında təsəvvürlərin, fikirlərin dəyişilməsində ölkəmizdə keçirilən bir çox nüfuzlu elmi tədbirlərin də rolu danılmazdır. Azərbaycan bütün dünya alimlərinin tədqiqat aparması üçün açıq bir məkandır. Bir xarici ölkə aliminin ölkəmizi tədqiq etməsi, bizimlə əməkdaşlıq etməsi, dediyimizi təkrar etməsi deyil - sadəcə gördüyü həqiqətləri deməsi, yazması Azərbaycan elminin maraqlarına uyğundur.

-Bəs, xalçaşünaslıq elmimizin bu mübarizədə hansı rolu var?

- İlk növbədə, Azərbaycan sovet xalçaşünaslıq elmi ilə müstəqillik illərində, xüsusilə, 2000-ci illərin əvvəllərindən indiyədək olan dövrü əhatə edən xalçaşünaslıq elminin məzmunundakı və istiqamətlərindəki fərqi qeyd etməyi zəruri hesab edirəm. Belə ki, artıq qeyd etdiyimiz kimi, sovet hakimiyyəti illərində Azərbaycan elmi ideologiyaya “sərf edən” forma və məzmunda inkişaf edirdi. Əsasən, hökumətin maraqlarına uyğun, təbii ki, milli maraqlarımızın ziddinə olan mövzular daha çox tədqiqata cəlb olunurdu. Bu mənada, Azərbaycan xalçaçılığı da dövlətin istədiyi kimi tədqiqata cəlb olunurdu. Ermənilər sovetlər məkanında Azərbaycan xalçalarını öz adlarına çıxardıqları bir vaxtda, Azərbaycan alimlərinə yalnız xalçanın naxışlarını, bədii-stilistik üslublarını, forma və ölçülərini öyrənmək üçün şərait yaradılır, xalçalarımız yanlış olaraq adlandırılır, öz kökündən uzaqlaşdırılırdı. Azərbaycan cəmiyyətində “xalça yalnız muzeydə olmalıdır, xalça sənətdir, xalça əlçatmazdır” düşüncəsi yeridilmişdi ki, bu da bizi xalçamızdan uzaqlaşdırırdı. Bizim öz xalçamıza münasibətimizlə bir xarici vətəndaşın bizim xalçamıza münasibəti arasında heç bir fərq yox idi. Bu, məlum ideologiyaya daha münasib bir taktika idi. Lakin müstəqillik qazandıqdan sonra bizim bir çox milli reallıqlarımıza, o cümlədən xalçamıza da münasibətimiz, əsasən də elmi yanaşmamız dəyişdi. Azərbaycan xalçasının yaşı Azərbaycan dövlətçiliyindən də qədimdir. Xalça bu gün heç bir yazılı mənbələrdə rast gəlinməyən, tarixin qaranlıq səhifələrində it-bata düşən milli rəmzlərimizin, işarələrimizin, damğalarımızın məcmusudur. Hələ, kağız olmayan dövrdə, yazı mədəniyyətinin formalaşmadığı tarixi mərhələdə Azərbaycan insanının yaratdığı kitabədir. Xalçanı yaradan türk onun gələcəkdə bir sənət sahəsinə çevriləcəyi ehtimalını düşünməyib bəlkə də. Amma həmin xalça yaradıcılığı mərhələsində onun ifadə vasitəsi, üsulu məhz xalça olub. Bu baxımdan, Azərbaycanın ilk xəritəsi də, ilk əlifbası da, ilk tarixi salnaməmiz də məhz xalçadır. Son illərdə Azərbaycan xalçası Azərbaycan tarixinin əsas mənbələrindən biri kimi elmi tədqiqat obyektinə çevrilib. Yerli və xarici mütəxəssislər bu istiqamətdə bir-birindən maraqlı əsərlər hazırlayıblar. 2017-ci ildə ölkəmizdə keçirilmiş Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunda dünya xalçaşünasları əldə etdiyi nailiyyətləri bir daha bölüşə biliblər. Təbii ki, 2016-cı ildə yaradılmış AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektoru milli xalçaşünaslıq elmimizin inkişafında yeni bir mərhələ, ənənələrin müasir elmi tələblər əsasında davamıdır. Sektorda indiyədək xalçaçılığın müxtəlif istiqamətləri üzrə nəzəri və praktik tədqiqatlar aparılıb, monoqrafiyalar, kitablar nəşr olunub.

- Azərbaycan xalçaçılığı kontekstində Qarabağda xalçaçılığın yeri və rolu necədir?

-Azərbaycan xalçaçılığında Qarabağ xalçaçılığı aparıcı istiqamətlərdən biridir. Çünki “Qarabağ xalçaçılığı” anlayışı altında Azərbaycanın Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonlarını əhatə edən aranlı-dağlı geniş bir coğrafi arealda formalaşmış tarixi xalçaçılıq ənənələri və onların müasir vəziyyəti öyrənilir. Qarabağda milli xalçaçılığımıza xas olan bütün texnoloji xüsusiyyətlər uğurla sınaqdan keçirilib. Burada tarixin sonrakı mərhələlərində digər xalçaçılıq bölgələrinədək yayılan xovlu və xovsuz xalça çeşniləri yaranıb. Hətta, burada yaranmış bir çox xalça çeşniləri, məsələn, inkişafı birbaşa Qarabağla əlaqədar olan “Əjdahalı” çeşnisinin deformasiyası əsasında xalq arasında “Malıbəyli”, “Qasımuşağı” kimi adlanmış xovlu xalça çeşniləri, vərnilər və s. toxunmuşdur. Qarabağ həm də xalça ustalarının vətəni olub. Burada xalçaçılığı öyrənmək üçün dərnəklər, emalatxanalar fəaliyyət göstərib. Həmin sənət ocaqlarında bu gün bizə qarşı əsassız iddialarla çıxış edən ermənilər də xalça toxumağı öyrəniblər. O qədər yaxşı öyrəniblər ki, indi Amerikada, Avropa ölkələrində, Xankəndidə yaratdıqları emalatxanalarda Azərbaycan xalçası toxuyaraq dünyaya “erməni sənətkarlıq” nümunəsi kimi təqdim edirlər. Biz bu cür hallarla mübarizə aparırıq. Dünyaya Azərbaycan xalçalarının etnik mənşəyi, simvolikası, rəmzləri, rəng palitrası və s. kimi milli özünəməxsusluqlar haqqında, bu xalçaları yaradan və yaşadan tayfalar haqqında, xalçanın bizim milli məişətimizlə, xalq təsərrüfatımızla, təbiətimizlə, iqlimimizlə bağlılığı haqqında məlumatlar veririk.

- Azərbaycan xalçası ticarət, əmtəə məhsuluna çevrilməlidirmi?

- Bu məsələyə dair təzadlı fikirlər var. Xalça ticarətinə obyektiv yanaşmaq üçün qədim və yeni xalçanın fərqini bilməliyik, hansı xalçanın tarixi abidə hesab olunmasının standartlarına bələd olmalıyıq. Düşüncəmizdəki “xalça yalnız muzeydə olur” stereotiplərini aradan qaldırmalıyıq. Dövlətimizin yürütdüyü uğurlu iqtisadi inkişaf strategiyasında xalçaçılığın xüsusi yeri olduğunu, 2016-cı ildə yaradılmış “Azərxalça” ASC-nin respublikamızın 20 rayonunda 21 xalça emalatxanasının olduğunu və bu emalatxanalarda Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Şirvan, Gəncəbasar, Quba, Qazax-Borçalı, Təbriz, Muğan xalça qruplarının texniki və bədii standartları əsasında yeni xalçalar toxunduğunu, Azərbaycan brendi kimi dünyaya ixrac olunduğunu bilməliyik. Yeni toxunan xalça, şübhəsiz ki, əmtəə məhsuludur. Xalça ticarətinin özünün ideoloji tərəfləri var. Məsələn, xaricə satılan bir Azərbaycan xalçası həmin ölkədə təmsil olunan Azərbaycandır. O xalça Azərbaycan təbiətidir, Azərbaycan xammalıdır, Azərbaycan naxışlarıdır və ən əsası Azərbaycan toxucusunun ilmələrə köçmüş enerjisidir. İndi xalçalarımızın dünyaya ixracı milli mənafelərimizə uyğun standartlar əsasında həyata keçirilir. Xalçaların lavərində onun Azərbaycana mənsubluğu, hansı qrupun texnologiyası əsasında toxunması göstərilir. Hər yeni xalça üçün xüsusi sertifikat hazırlanır. Bu mənada, yeni xalçalarımızın ticarəti ölkəmizin təbliğatı üçün də xüsusi əhəmiyyət kəsb edir.

-Beynəlxalq xalça ticarətində Qarabağ xalçalarına maraq göstərilirmi?

- Qarabağ xalçalarına maraq heç vaxt azalmayıb. Bu tarixən belə olub. Sovet dövrünə qədər də, sovet dövründə də, müstəqillik illərində də. Hətta Qarabağın məşhur xalçaçılıq məntəqələri işğal olunandan sonra da, xarici bazarlarda bu xalçalara tələbat yüksək olub. Xaricdəki sərgilərdə hər zaman qonaqların Qarabağ xalçaları, onların simvolikası, naxışları ilə xüsusilə maraqlandıqlarının şahidi olmuşuq.

- Ordumuzun qələbələri Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır. Sizcə, Azərbaycan xalqı işğaldan azad olunan torpaqlarımıza, Qarabağa necə qayıdır?

- Bu illər ərzində Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə Qarabağa bir heykəl ucaltmışıq. Əslində, bu milli özünüdərk, milli oyanış prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə - həm ərazi baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir daha, daha obyektiv şəkildə baxmağa başladıq. Ən azı, XVI əsrdən bu yana - Azərbaycan Səfəvilər dövlətindən indiyədək itirdiklərimizi, İrəvanımızı, Zəngəzurumuzu düşündük. Qarabağ itkisi bizi silkələdi. Bu gedişlə daha hansı ərazilərimizi itirə biləcəyimizi, əhalimizin hansı vəziyyətə düşəcəyini düşündük. Torpağımızı, xalqımızı, çoxmillətli Azərbaycanı qoruduq, milli-mənəvi dəyərlərimizə sahib çıxdıq. Müstəqilliyin sevincini duymağa imkan tapmadan üzləşdiyimiz torpaq itkisi, əhali itkisi bizi sərtləşdirdi, mətinləşdirdi. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında olsa da, dövlətimiz bu ərazilərdən köçürülən əhaliyə sahib çıxmağı, onları düşdükləri çətin vəziyyətdə qorumağı, müdafiə etməyi bacardı. Onların məskunlaşmaları üçün qəsəbələr yaradıldı, onlar ayrı-ayrı sahələr üzrə iş yerləri ilə təmin olundular. Dövlətimiz həmin rayonların inzibati quruluşunu maksimal səviyyədə mühafizə etdi, rayonlarda vaxtilə fəaliyyət göstərmiş bir çox idarələr, o cümlədən hüquq-mühafizə orqanları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, muzeylər, mədəniyyət evləri, klublar və s. öz işini davam etdirdi. Məcburi köçkünlərin hər biri öz rayonları üzrə qeydiyyatda saxlanıldılar, üstəlik köçkünlük dövründə dünyaya gələn körpələrin də doğum şəhadətnaməsində onların ailələrinin aid olduqları Laçın, Kəlbəcər, Şuşa, Füzuli, Ağdam, Zəngilan və s. kimi işğal olunmuş rayonların və kəndlərin adları qeyd olundu. Beləliklə, Qarabağdan olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüdüldü. Biz Qarabağa bu gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Qarabağın işğal olunmuş ərazilərindən qundaqda olanda atasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz Qarabağa dünyanın müxtəlif ölkələrində çalışan, vətənin dar günündə köməyə gələn, ürəyində vətən sevgisi daşıyan gənclərlə qayıdırıq. Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıdırıq. Nəhayət, biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq.

- Bəs, Qarabağ xalçaçıları hansı nailiyyətləri ilə qayıdırlar?

- Azərbaycan xalçaçısı bu gün Qarabağa üzüağ, alnıaçıq qayıdır. Çünki bu illər ərzində xalça toxumağı bacaran heç bir xalçaçı bu sənətdən üz döndərməyib. Qarabağ xalçasına və xalçaçısına dövlətimiz özü sahib çıxıb, qayğı göstərib. Xarici ölkələrdə təşkil olunan sərgilərdə Azərbaycan xalçalarından ibarət ekspozisiyalarda qədim Qarabağ xalçaları sərgilənib. Dövlətimizin Ağdamda, Füzulidə, Tərtərdə, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə yaratdığı xalçaçılıq emalatxanalarında yüzlərlə qarabağlı qadın Qarabağ xalçası toxuyur. Bu həm sosial-iqtisadi, həm mədəni, eyni zamanda da siyasi əhəmiyyət kəsb edən bir məsələdir. Əminəm ki, bu gün respublikamızın ərazisində yaradılan geniş xalça istehsalı şəbəkəsinin işğaldan azad olunmuş və olunacaq rayonlarımızda da yeni məntəqələri yaranacaq.

- Azərbaycan elminin də Qarabağa dair yeni layihələri olacaq...

- Azərbaycan elminin digər sahələri ilə yanaşı, təmsil etdiyim tarix, etnoqrafiya elmi istiqamətləri üzrə Qarabağa dair yeni və əyani tədqiqatlar aparılacaq. Biz böyük təəssüf hissi ilə Qarabağ həqiqətlərinə dair məlumatları yalnız ayrı-ayrı mənbələrdən əldə edib işləyə bilirdik. Öz torpaqlarımızdan, təbiətimizdən, abidələrimizdən uzaq düşmüşdük. Arzum budur ki, yaxın gələcəkdə Şuşada Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi tədqiqatlar aparan Qarabağ Bölməsi yaradılsın. Burada ölkəmizin aparıcı alimləri tədqiqatlar aparsınlar. Şuşada, Xankəndidə fəaliyyət göstərmiş ali təhsil ocaqları fəaliyyətlərini bərpa etsinlər. Tarixi abidələrimizin mühafizəsi təşkil olunsun. Müasir tələblərə cavab verən, dünyanı Azərbaycan həqiqətləri ilə tanış edəcək regional tarixi-etnoqrafik muzeylər yaradılsın. Bu muzeylərdə Qarabağın digər maddi-mədəniyyət nümunələri ilə yanaşı, qədim xalçaları da nümayiş olunsun. Dünya Qarabağın əsl sahiblərini, bu mədəniyyəti, sənətkarlığı kimlərin yaratdığını obyektiv şəkildə qiymətləndirə bilsin.

-Müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır