“Azərbaycan xalçaları İrəvan qrupu” kitabı Bosniya və Herseqovina kitabxanasına hədiyyə edilib
AzerTAg.az

Sarayevo, 19 yanvar, AZƏRTAC
“Azərbaycan xalçaları İrəvan qrupu” kitabı Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasına hədiyyə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkənin Milli və Universitet Kitabxanasını ziyarət edib, kitabxananın direktoru İsmet Ovçin ilə görüşüb. Görüşdə humanitar sahədə əməkdaşlıq və ölkələrimiz arasında kitabxana sahəsində əlaqələrin yenilənməsi və ümumi mədəni-tarixi dəyərlərin tədqiqi, nəşri və təbliği sahəsində mümkün yeni layihələr müzakirə edilib.
Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina milli kitabxanaları arasında imzalanmış, mədəni əlaqələrin tərəqqisinə və mədəni irsin təbliğinə töhfə verəcək çap və elektron nəşrlərin, eləcə də digər kitabxana materiallarının mübadiləsini nəzərdə tutan əməkdaşlıq barədə Anlaşma Memorandumunu xatırladıb.
Görüşdən sonra kitabxanada əlyazmalar kolleksiyasının zəngin materialı, xüsusilə azərbaycanlı müəlliflər Füzuli və Nizaminin bir neçə əlyazması ilə tanışlıq olub.
Sonda tərəflər arasında nəşr mübadiləsi aparılıb və səfir V.Quliyev “Azərbaycan xalçaları İrəvan qrupu” kitabını kitabxanada saxlanılması üçün qarşı tərəfə təqdim edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Xəbərin mətnində orfoqrafik səhv var