QAN YADDAŞI
Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu sözləri nazirlikdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimində Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor Cəlal Qasımov deyib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlal Qasımov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək qeyd edib ki, sovet imperiyası rəhbərliyinin qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.
Törədilmiş cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.
Bütün bunlara baxmayaraq, həmin bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxarıb.
Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsil siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilib. Həmin iclasda 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və bu hadisələrə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü bildirilib.
Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi ilə Şəhidlər xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə “20 Yanvar şəhidi” fəxri adı verilib.
Mərasimdə çıxış edən Vergilər Nazirliyinin əməkdaşları qeyd ediblər ki, 20 Yanvar qurbanlarının xatirəsi xalqımız tərəfindən bu gün də əziz tutulur. Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə hər zaman lazımi diqqət və qayğı göstərilir, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi xalqımızın tarixində şərəfli bir səhifə kimi xatırlanacaq, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.
Tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı Vergilər Nazirliyinin foyesində təşkil edilmiş foto və kitab sərgisi ilə də tanış olublar.