CƏMİYYƏT


Azərbaycan xalqı Həmrəylik Gününü böyük sevgi ilə yaşadır

Qars, 28 dekabr, AZƏRTAC

Azərbaycanın Qarsdakı Baş konsulluğunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllim kollektivi ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşıdan gələn bayramlar münasibətilə müəllimləri təbrik edən baş konsul Nuru Quliyev onlara firavan həyat və şərəfli peşələrində uğurlar arzulayıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tarixi prosesləri ardıcıllıqla danışan baş konsul diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən 1991-ci il dekabrın 16-da tarixi qərar qəbul etməklə 31 dekabr tarixinin milli bayrama çevrilməsini təmin edib. Bildirib ki, Azərbaycan xalqı Həmrəylik Gününü böyük sevgi ilə yaşadır. Diplomat vurğulayıb ki, ulu öndər Heydər Əliyev adını daşıyan təhsil müəssisəsində çalışmaq şərəfli olduğu qədər də məsuliyyətlidir.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsində çalışmaqdan iftixar duyduqlarını ifadə edən müəllimlər təşkil olunan görüşə, səmimi sözlərə və bayram təbriklərinə görə minnətdarlıqlarını bildiriblər. Azərbaycanı canları qədər sevdiklərini deyən müəllimlər qeyd ediblər ki, pedaqoji fəaliyyətlərinin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə aid olan hissəsini hər zaman iftixarla xatırlayacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.