REGİONLAR


Azərbaycan xalqı azad yaşamaq amalından bir addım belə geri çəkilmədi

Biləsuvar, 27 may, Mahir Babayev, AZƏRTAC

Müsəlman Şərqində ilk demokratik respublika məhz Azərbaycanda yaranıb. Xalqımızın milli müstəqillik, azadlıq duyğuları reallaşsa da, bu sevinc çox da uzun çəkmədi. 23 ay sonra Xalq Cümhuriyyəti süquta uğradı. Lakin xalqımızın azadlıq eşqi sönmədi, 1990-cı illərdə müstəqilliyimiz qanlar bahasına da olsa bərpa edildi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər mayın 27-də Biləsuvar Rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Qeyd olunub ki, Cümhuriyyətin elan olunduğu gün – mayın 28-i Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olub. Əsrlərboyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə - cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir.

Bildirilib ki, XX əsrin 80-ci illərinin ortalarından etibarən Azərbaycanda baş qaldıran milli oyanış dalğası xalq hərəkatına çevrildi, Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü. Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyuldu. İkinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında xalqımız böyük iradə nümayiş etdirdi. Minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından bir addım belə geri çəkilmədi.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilib. 28 ildir müstəqil olan müasir Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.

Hazırda Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.