CƏMİYYƏT


Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq

Bakı, 26 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində fevralın 25-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Rasim Kərimov bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Qeyd olunub ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Hirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecədə qədim Xocalı şəhəri yerlə-yeksan edilib. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində soyqırımı törədərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib. Şəhəri tərk etməyə məcbur olan əhali isə dağlara, meşələrə qaçsa da, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşüb, girov götürülüb. Soydaşlarımız erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.

Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər cəsədləri belə təhqir ediblər.

Mərasimdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ulu öndər Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı ilə əlaqədar xüsusi fərman imzalayıb, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb. 1997-ci il fevralın 25-də isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanıb.

Mərasimdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.