QAN YADDAŞI


Azərbaycan xalqına qarşı törədilmiş qətliam bütövlükdə bəşəriyyətə qarşı işlədilmiş qatı cinayətdir

Tbilisi, 20 yanvar, AZƏRTAC

Bakıda Azərbaycan xalqına qarşı törədilmiş qətliam bütövlükdə bəşəriyyətə qarşı işlədilmiş qatı cinayətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Qardabani rayonunda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə səslənib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub.

Gürcüstan Ağsaqqallar Şurasının Qardabani bölgəsinin rəhbəri Mayak Neymətov çıxış edərək 20 Yanvar faciəsi barədə məlumat verib. Bu faciənin əsl səbəblərinin Azərbaycan xalqının azadlıq uğurunda mübarizə arzusunu boğmağa yönəldiyini bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan və gürcü xalqlarının qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb. Ulu öndər Heydər Əliyevin Gürcüstan ilə dostluğa xüsusi diqqət yetirdiyini, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri bunun əyani sübutudur. Gürcü xalqı da bunu unutmur və daim Azərbaycan xalqının yanındadır. Bu gün, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım tədbirlərində gürcü ictimaiyyətinin iştirakı deyilənləri təsdiq edir.

Diplomat 20 Yanvar faciəsinin başvermə səbəbləri, nəticələri barədə məlumat verib, bu faciənin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm dönüş yaratdığını bildirib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, müəllimə Növrəstə Məhərrəmqızı, hacı Novruz Əlmədətov, jurnalist Ələddin Qaradağlı və başqaları çıxış edib, Qanlı Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, şəhidlər bizə Vətəni necə sevməyi, Vətən uğurunda ölməyi, fədakarlığı, azadlığı öyrədiblər.

Onların xatirəsi heç zaman unudulmayacaq.

Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.

Filmdə AZƏRTAC-ın materiallarından da istifadə edilib.

Sonda ehsan süfrəsi açılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.