SİYASƏT


Azərbaycan xalqının birliyini heç bir antimilli qüvvə poza bilməyəcək

Bakı, 16 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Bu hərbi təxribat illərdir dünyaya anlatmağa çalışdığımız erməni təcavüzünün daha bir göstəricisidir. Lakin həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını aldı və işğalçılara sarsıdıcı cavab zərbələri endirdi.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib ki, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş yürüş bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini nümayiş etdirdi. Bu Vətən, bu torpaq hər birimizindir. Həmin yürüşdə səsləndirilən ''Ali Baş Komandan, silah ver bizə'', ''İrəli, irəli, Azərbaycan əsgəri'', ''Şəhidlər ölməz, vətən bölünməz'' şüarları, əslində, yürüşün mahiyyətini ortaya qoyurdu. Vətəndaşlarımızın könüllü şəkildə səfərbərlik istəkləri bir dövlət üçün çox qürurvericidir. İnsanlarımız dövlətə, Azərbaycan Ordusuna dəstək, həlak olmuş şəhidlərimizin ruhuna böyük ehtiram nümayiş etdirdi.

Amma təəssüf ki, gecə saatlarında yürüşün sonunda təəssüf doğuran hadisələr baş verdi. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər göstərildi. Milli Məclisin binasına zorla girərək polislərə qarşı zor tətbiq olunması, ilk növbədə, vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda, qanunlara hörmətsizlikdir.

Tamam Cəfərova deyib: “Baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Mən əminəm ki, xalqımız bu durumda şəxsi mənafelərini düşünüb, düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcək. Bu günlər hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik”.

Deputat diqqətə çatdırıb ki, biz həm də ermənilərlə informasiya müharibəsi aparırıq. Bu məsələdə çox diqqətli olmaq lazımdır. Düşmən hiyləgər və təhlükəlidir. O, virtual arenada da fəal şəkildə təcavüzünə davam edir: “Gənclərimizin müxtəlif xarici dillərdə düşmənə cavab vermələri, onu susdurması və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması çox qürurvericidir. Azərbaycan gənci virtual arenada da öz adına layiq mübarizə aparır.

Biz birlikdə güclüyük. Bu birliyi heç bir antimilli qüvvə poza bilməyəcək. Çünki bu birliyin təməlində Vətən eşqi dayanır. Gün birlik günüdür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.