MƏDƏNİYYƏT
Azərbaycan yazıçısının əsəri beynəlxalq saytda
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanlı yazıçı Kamran Nəzirlinin “Narkoman” pyesi rus və Belarus dillərinə tərcümə edilərək beynəlxalq "SOZVUÇİE" saytında yerləşdirilib.
Qeyd edək ki, bu rəsmi internet səhifəsi Belarusun "Zvezda" nəşriyyat evinin "MDB ölkələri ədəbiyyatları və xalqlarının dostluğu" devizi altında yaradılmış elektron media layihəsidir. Məqsəd MDB ölkələrindəki müasir ədəbi qüvvələri yaxınlaşdırmaq, Belarus, Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Moldova, Gürcüstan və s. müstəqil dövlətlərdə inkişaf edən ədəbi-mədəni proseslərdən xəbərdar olmaq, onları elektron informasiya məkanı vasitəsilə dünyaya çatdırmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, milli ədəbiyyatların inkişafına dəstək verən bu beynəlxalq saytda yerləşdirilən istedadlı yazıçı Kamran Nəzirlinin “Narkoman” pyesi böyük maraq doğurub. Dünyanı başına götürmüş qlobal dərdə- narkomaniya mövzusuna həsr edilmiş bu əsəri qısa müddətdə minlərlə adam oxuyub. Artıq yazıçıya Ukrayna, Belarus, Rusiya, habelə Bolqarıstan və Türkiyə teatrlarından "Narkoman"ı səhnələşdirmək üçün təkliflər gəlib.