İDMAN
Azərbaycan yığma komandası Polo üzrə Avropa çempionatına böyük hesablı qələbə ilə başlayıb VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də İtaliyanın Siena şəhərində start götürmüş Polo üzrə Avropa çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibinə 7:3 hesabı ilə qalib gəlib.
Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığmamızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Aqustin Kronhaus daha çox fərqləniblər.
Yığma komandamızın baş məşqçisi Namiq Orucov turnirə böyük hesablı qələbə ilə başlayan idmançılarımızın oyunundan razı qaldığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizdə polo idman növünün son illərdə böyük sürətlə inkişaf etdiyini vurğulayan Namiq Orucov Niderland kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının önəmini qeyd edib və buna görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdarlığını bildirib.
Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı sentyabrın 30-dək davam edəcək. Yarış təqviminə uyğun olaraq, Azərbaycan yığma komandası sentyabrın 22-də Fransa, 26-da Slovakiya, 28-də İrlandiya yığmaları ilə görüşəcək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.