CƏMİYYƏT
Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir

Bakı, 3 iyun, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti ölkəmizə böyük nailiyyətlər qazandırmaqdadır. Xüsusilə də respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 3-də “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
Tahir Budaqov qeyd edib ki, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir”, - deyə o bildirib.