SİYASƏT
Azərbaycana mühacirətin mərhələləri, spesifik cəhətləri öyrəniləcək maarifləndirici tədbirlərə başlanılır
Bakı, 22 iyul, AZƏRTAC
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən və bu ilin 4 ayını əhatə edəcək layihə “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” adlanır.
"İranlı Mühacirlər Cəmiyyəti"nin sədri Firidun İbrahimi AZƏRTAC-a bildirib ki, mühacir, mühacirət müasir dünyamızın aktual məsələlərindəndir. Araşdırmalar, monitorinqlər alim və tədqiqatçılarımızın, mediamızın Azərbaycandan xarici dövlətlərə mühacirət mövzusuna Azərbaycana mühacirətə nisbətən daha çox müraciət etdiklərini göstərir. Təkcə ötən əsrdə ölkəmizə İrandan 7 kütləvi mühacirət olmasına baxmayaraq, bu sahədəki ictimai məlumatsızlığa heç cür haqq qazandırmaq mümkün deyil. Əməkdar jurnalist Rəhim Hüseynzadənin rəhbəri olduğu layihə maarifləndirici tədbirlər vasitəsilə bu durumun aradan qaldırılmasını qarşıya məqsəd qoyub.
F.İbrahimi əlavə edib ki, həmin mühacirlərin tam əksəriyyəti azərbaycanlılar olduğundan digər ölkələrdə yaşayan soydaşlarımızın vəziyyəti ilə müqayisələr aparmaq, Qubada, Qazaxda, Tərtərdə və Bakıda keçiriləcək dəyirmi masalarda iştirakçıların fikirlərini, rəylərini dinləmək imkanları yaranacaq. “Ancaq fakt budur ki, 72 yaşlı təşkilatımız mühacirətin dünyəvi Azərbaycan modelidir. Tədbirlərdə bu barədə iftixar hissi ilə danışılacaq, elm, təhsil, səhiyyə, mədəniyyət və quruculuq işlərində fərqlənən mühacirlərə, onların övladlarına diplomlar təqdim ediləcək”, - deyə o əlavə edib.