CƏMİYYƏT
Azərbaycana narkotik vasitələrin və psixotrop maddələrin 99 faizi İrandan gətirilir
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycana narkotik vasitələrin və psixotrop maddələrin 99 faizi İrandan gətirilir. Astara və Biləsuvar gömrük-keçid məntəqələrində daha çox narkotik vasitələr tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq idarəsinin narkotiklərə mübarizə şöbəsinin inspektoru Asiman Mehdiyev deyib.
O bildirib ki, ötən il ərzində adı çəkilən gömrük-keçid məntəqələrində həyata keçirilən tədbirlər zamanı 3 tondan çox narkotik vasitə tutulub.
Azərbaycandan tranzit keçməklə Ukrayna, Rusiya və Gürcüstan keçən İrana məxsus yük avtomobillərində sintetik narkotik vasitələr aşkar edilir.
Dövlət Gömrük Komitəsi xüsusi rentgen aparatları və digər avadanlıqlarla təmin olunub ki, bunların da köməyi ilə İrandan tranzit keçən avtomobillər ciddi yoxlanılır.