İQTİSADİYYAT
Azərbaycana tezliklə orta güclü tədqiqat nüvə reaktoru gətiriləcəkdir VİDEO
Siyəzən, 24 may (AZƏRTAC, Elxan Yusifli). Azərbaycana tezliklə orta güclü tədqiqat nüvə reaktoru gətiriləcəkdir. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mayın 24-də Siyəzən şəhərində jurnalistlərə müsahibəsində məlumat vermişdir.
AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılması haqqında Sərəncamına əsasən bu istiqamətdə bir sıra işlərin həyata keçirildiyini bildirmişdir.
Ə.Abbasov, həmçinin qeyd etmişdir ki, Azərbaycanda nüvə texnologiyalarından təbabətdə, kənd təsərrüfatında istifadə olunması, eləcə də dəqiq cihazqayırma sənayesində nüvə materiallarının hazırlanması nəzərdə tutulur. Ölkəmizdə radioaktiv elementlərlə zəngin yataqların sənaye üsulu ilə işlənməsi yeni iqtisadi sektorun açılmasına şərait yaradacaqdır.