ELM VƏ TƏHSİL


“Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabı təqdim olunub VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsi çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, müəlliflər kollektivi tərəfindən hazırlanan kitabda Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının tarixi, mənəvi-mədəni kökləri araşdırılır, əsas təkamül mərhələləri nəzərdən keçirilir.

Kitab milli dövlətçilik məfkurəsinin tarixi və nəzəriyyəsi sahəsində tədqiqat aparan mütəxəssislər, eləcə də bu məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu gün ölkəmizdə uğurla həyata keçirilən müstəqil dövlətçilik siyasətinin konseptual əsaslarını ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan azərbaycançılıq ideologiyası təşkil etdiyini deyib. O bildirib ki, Ümummilli Liderin azərbaycançılıq ideologiyası ölkə daxilində yaşayan bütün millətlərin nümayəndələrini, dünyada isə bütün azərbaycanlıları öz ətrafında birləşdirir. Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqları və dövlətçilik mənafeyi əks olunub.

Akademik azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları ilə daha da zənginləşdirilərək inkişaf etdirildiyini vurğulayıb.

“İnanıram ki, kitab azərbaycançılıq ideologiyasının tarixi, fəlsəfi, estetik baxımdan öyrənilməsinə bir töhfədir”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Məryəm Seyidbəyli çıxışında məlumat verib ki, kitabda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafında rolu və xidmətləri, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində azərbaycançılığın inkişafı və digər məsələlər öz əksini tapıb. Həmçinin müasir dövrdə Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətinin əsas istiqamətləri və nəticələri, azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti geniş işıqlandırılır.

Tədbirdə, həmçinin İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov və Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov çıxış edərək azərbaycançılığın tarixi, siyasi əhəmiyyətindən danışıb, nəşrin çapını yüksək qiymətləndiriblər.

Xatırladaq ki, “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsinin rəhbəri AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.