REGİONLAR
Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğundan bəhs ediblər. Ulu Öndərin azərbaycançılıq ideyasının milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğu qeyd olunub, azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu vurğulanıb. Bildirilib ki, bu ideologiya dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib amildir.
Seminarda rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin məsul şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi və kənd sakinləri iştirak edib.