ELM VƏ TƏHSİL
Azərbaycançılıq məfkurəsi ümummilli lider Heydər Əliyevin varislik siyasətinin ana xəttini təşkil edir
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dillər Universiteti (ADU) üzrə Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində varislik” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən, ADU üzrə YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov “dəyirmi masa”nın ulu öndər Heydər Əliyevin anım gününə həsr olunduğunu diqqətə çatdırıb. O, dahi lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurucusu olmaqla yanaşı, tarixi dövlətçilik ənənələrini bilən və onları ölkənin inkişafına ustalıqla daxil edən şəxsiyyət olduğunu bildirib. S.Hüseynov deyib ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edildiyi bir vaxtda Ulu Öndərin AXC-nin ənənələri, onun yaratdığı dəyərlərin işığında müstəqil Azərbaycanın qurulmasındakı əməyinə də nəzər salınacaq. O, Ulu Öndərin siyasətindəki varislik prinsipinin Cümhuriyyət tarixinə yanaşması ilə əlaqədar olduğunu sözlərinə əlavə edib.
Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə qısametrajlı film nümayiş olunub.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov azərbaycançılıq məfkurəsinin ümummilli lider Heydər Əliyevin varislik siyasətinin ana xəttini təşkil etdiyini bildirib. O, “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin dünya miqyasında qeyd olunmasına Ulu Öndərin göstərdiyi qayğıdan danışıb.
Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin işçisi Gülnar Xəlilova isə Ulu Öndərin gənclər siyasətindən bəhs edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla ulu öndər Heydər Əliyevin ölkənin inkişafı istiqamətində atdığı mühüm addımlardan söz açıb. K.Abdulla dahi lider Heydər Əliyevin daim xalqın çətin anlarında ona dayaq olduğunu diqqətə çatdırıb. O, həmçinin ulu öndər Heydər Əliyevlə görüşlərindən danışıb. Ulu öndər Heydər Əliyevin yazıçılarla görüşündən mənəvi zövq aldığını deyən rektor Ümummilli Liderin hər bir azərbaycanlının uğuruna, zəhmətinə görə böyük sevinc hissi keçirdiyini qeyd edib.