REGİONLAR
Azərbaycançılıq məfkurəsinin təməlində dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, İslam həmrəyliyi dayanır
Kürdəmir, 21 sentyabr, AZƏRTAC
Kürdəmirdə rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 21-də Məhərrəm ayının başlanması ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Kürdəmir şəhərindəki “İmam Rza” məscidində keçirilən tədbirdə dini icma sədrləri, din xadimləri və dini ayinlərin icraçıları iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov tədbiri açaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi İli” elan etməsi, həm də bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov, polis idarəsinin əməkdaşı Asif Əhmədov və DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümovun çıxışları dinlənilib. Vurğulanıb ki, İslam ölkələrinin həmrəyliyi qarşılıqlı münasibətlərin qurulması üçün çox mühüm amildir və bu, cəmiyyətdə multikulturalizmi və sabitliyi təmin edir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, İslami həmrəyliyi dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm”, istərsə də “İslam Həmrəyliyi” illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir. Bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Məhərrəm ayı xüsusi qeyd edilir, vacib olan əməllər yerinə yetirilir. Xeyriyyəçilik tədbirləri, xəstələrə qanvermə aksiyaları, sosial problemləri həll etmək istiqamətində görülən işlər məhz bu əməllərdəndir.
Tədbirdə, eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası oxunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.