CƏMİYYƏT
“Azərbaycançılıq və gənclik” mövzusunda onlayn konfrans keçirilib
Bakı, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə Astara və Lerik gənclərinin iştirakı ilə “Azərbaycançılıq və gənclik” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin vacibliyindən, onların dövlət quruculuğu proseslərində fəal iştirakından və milli ideologiyamızın formalaşmasındakı rolundan danışıb. Nazir müavini Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının və vətənpərvər gəncliyin sarsılmaz birlik və həmrəylik nümayiş etdirməsini ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təzahürü kimi dəyərləndirib. O, qarşıdan gələn Ramazan bayramı və faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə gəncləri təbrik edib. İ.Babayev gəncləri mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan tədbirlərdə fəal iştirak etməyə çağırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxışlarında ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən və gənclərin ictimai-siyasi proseslərdə fəallığının zəruriliyindən danışıblar. Natiqlər çıxışlarında azərbaycançılıq məfkurəsinin cəmiyyətimizdə geniş təbliğinin əhəmiyyətini diqqətə çatdırıb və müasir dünyanın çağırışlarına uyğun strateji hədəflər naminə milli-mədəni irsimizlə yanaşı, ümumbəşəri dəyərlərə də hörmətlə yanaşılmasının əhəmiyyətini vurğulayıblar.
Çıxış edən gənclər azərbaycançılıq məfkurəsinin, xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi-mədəni irsinin təbliği istiqamətində görülən işlərdən danışıb, bu sahədə həyata keçirilən tədbirlərdə daha fəal iştirak edəcəklərini bildiriblər.
Onlayn konfrans “Ulu Öndər” sənədli filminin nümayişi ilə başa çatıb.