REGİONLAR
Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi Masallıda da böyük coşqu ilə qarşılanıb
Masallı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Düşmən işğalı altındakı Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunda qeydiyyatda olan məcburi köçkünlər Nigar Ocaqova və Rauf Həsənovun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Masallı rayonunda da böyük coşqu ilə qarşılanıb.
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin doğulması münasibətilə rayonda silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə Masallıda ağacəkmə aksiyası təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyası zamanı 2 hektar sahədə müxtəlif növ 2 min ağac əkilib.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, təhsil, səhiyyə işçiləri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.
Sonra şəhərin Bayraq Meydanında Azərbaycanın 10 milyonuncu sakininin doğulmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkəmizdə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf təmin edilib, müsbət demoqrafik şərait bərqərar olub.
Bayram tədbiri konsert proqramı və fləşmobla davam edib.
Masallı şəhərindəki "ASAN həyat" kompleksində Azərbaycanın 10 milyonuncu sakininin doğulması münasibətilə keçirilən “Qədəmlərin mübarək, Mehriban” adlı konsert proqramı da yaddaqalan olub.
Tədbir iştirakçıları Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifasında şən mahnılar dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər.
Azərbaycanın on milyonuncu sakininin doğulması münasibətilə Masallı şəhərində, Viləş çayının Musakücə kənd körpüsünün sağ və sol səmtlərində ağacəkmə aksiyası keçirilib.
Bayram tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə videoçarxa baxıblar.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib, Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatmasını əlamətdar hadisə adlandırıb.
Bakının və Masallının incəsənət ustalarının ifasında şən mahnılar, “Masallı” rəqs qrupunun, "Halay" folklor kollektivinin çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Tədbir atəşfəşanlıqla başa çatıb.